10 hours ago
UFAZ-da 2026-cı il doktorantura təqaüd proqramlarının qalibləri müəyyənləşib
Azərbaycan-Fransız Universitetində (UFAZ) 2026-cı il üzrə doktorantura təqaüd proqramlarının nəticələri açıqlanıb. Akademik göstəricilər, təqdim olunan tədqiqat layihələrinin elmi keyfiyyəti, həyata keçirilmə potensialı və UFAZ konsorsiumunun elmi-tədqiqat prioritetlərinə uyğunluğu əsasında aparılan seçim nəticəsində yeddi namizəd doktorantura təqaüdünə layiq görülüb.
Seçilən namizədlərdən beşi – Yusif Hacızadə, Mirkənan Abdullayev, Nuridə Fərzəliyeva, Aysel Bəşirova və Emil Babaşov Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən maliyyələşdirilən doktorantura təqaüdünü qazanaraq UFAZ akademik konsorsiumuna daxil olan Fransa universitetlərinin doktorantura məktəblərində elmi fəaliyyətlərini davam etdirəcəklər. Təqaüdçülər kompüter elmləri, kimya mühəndisliyi və geologiya sahələrini əhatə edən innovativ tədqiqat layihələri üzərində çalışacaqlar.
Bununla yanaşı, iki nəfər – Əli Quliyev və Məhəmməd Sadiqov UFAZ-ADNSU və Fransanın Azərbaycandakı Səfirliyinin birgə maliyyələşdirdiyi “Cotutelle” doktorantura proqramına seçilib. Bu proqram çərçivəsində doktorantlar tədqiqatlarını həm UFAZ-ın tərəfdaş Fransa universitetlərində, həm də ADNSU-da elmi rəhbərlərin nəzarəti altında aparacaqlar.
Bu təqaüd proqramları Fransa və Azərbaycan arasında elmi əməkdaşlığın daha da möhkəmləndirilməsinə, gənc tədqiqatçıların beynəlxalq səviyyədə elmi fəaliyyətə cəlb olunmasına və yüksək ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verir.
UFAZ doktorantura təqaüdünə layiq görülən bütün namizədləri təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayııq!