UFAZ haqqında

Əsasının qoyulması

Azərbaycan-Fransız Universitetinin (UFAZ) yaradılması təşəbbüsü 2014-cü ildə Azərbaycan və Fransa Prezidentləri tərəfindən irəli sürülüb. 2014-cü il, mayın 12-də Fransa Prezidenti Fransua Ollandın Bakıya səfəri çərçivəsində təhsil naziri Mikayıl Cabbarov və Fransanın ali təhsil və tədqiqat üzrə dövlət katibi Jönöviev Fioraso tərəfindən “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Fransa Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi arasında universitet əməkdaşlığı sahəsində Niyyət Məktubu” imzalanıb.

2015-ci il, aprelin 25-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın iştirakı ilə “Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu” imzalanıb.

Sənədi Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye imzalayıblar. Mayın 22-də isə Prezident İlham Əliyev Niyyət Məktubunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

2016-cı il, iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Birgə Azərbaycan–Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə sərəncam imzalayıb.

Sənədin maddələri:

UFAZ layihəsinə cəlb edilən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilsin.

Müəyyən edilsin ki, UFAZ layihəsinə cəlb olunan Azərbaycan Respublikası ali təhsil müəssisələri:

2.1. tətbiq etdikləri Fransa Respublikasının müvafiq ali təhsil müəssisələrinin təhsil proqramlarını birgə idarə etmək hüququna malikdirlər;

2.2. maddi-texniki baza imkan verdiyi hallarda UFAZ layihəsi üçün müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından artıq ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. UFAZ layihəsi çərçivəsində dövlət hesabına təhsil alan tələbələrin sayını hər il müəyyən etsin;

3.2. UFAZ layihəsinə cəlb olunacaq ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll etsin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Fəaliyyətə başlaması

Untitled design (1)

2016-cı il, sentyabrın 15-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Fransa Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin Avropa, beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə nümayəndəliyinin rəhbəri Marian Brunhof, Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Fransis Kern, UFAZ-ın professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak edib.

UFAZ-ın açılışı münasibətilə müəllim və tələbələri təbrik edən Mikayıl Cabbarov həyata keçirilən islahatların təhsilin bütün pillə və səviyyələrində keyfiyyət dəyişikliyinə səbəb olduğunu bildirib.

Fransalı nümayəndələr UFAZ-ın uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduqlarını bildiriblər. Mərasim iştirakçıları UFAZ-la yaxından tanış olublar. Qonaqlara ali məktəbin tədris şəraiti ilə bağlı ətraflı məlumat verilib.

UFAZ-a dair hesabat

8uoe453cu4_002 nk iclas

2016-cı il, oktyabrın 7-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarov məruzə edib. O, Azərbaycan-Fransız Universiteti (UFAZ) ilk tələbələrini qəbul etdiyini diqqətə çatdırıb. Nazir 23-ü ödənişli əsaslarla olmaqla 143 tələbənin qəbul olunduğunu, onların 4 ixtisas – “Kimya mühəndisliyi”, “Kompüter elmləri”, “Geofizika mühəndisliyi” və “Neft və qaz mühəndisliyi” ixtisasları üzrə, ingilis dilində təhsil almağa başladıqlarını qeyd edib. Eyni zamanda, Mikayıl Cabbarov ixtisaslar üzrə Fransanın Strasburq və Renn 1 universitetləri ilə əməkdaşlıq qurulduğu və məzunlara iki (həm Azərbaycan, həm də Fransa) diplomun verilməsinin qərara alındığını vurğulayıb.

Azərbaycanlı və fransalı rəsmilər UFAZ-da

4q6d4eddhr_002_6_ ufaz

Prezident İlham Əliyev 2017-ci il, fevralın 8-də Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jan-Vensan Plasenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Fevralın 9-da nümayəndə heyəti təhsil nazirinin müavini Ceyhun Bayramov, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin prorektorları, tələbələr və media nümayəndələri ilə birgə Azərbaycan-Fransız Universitetini (UFAZ) ziyarət edib.

Untitled design (4)yeni3

Görüşdə UFAZ-ın direktoru Vazeh Əsgərov bu ali təhsil müəssisəsinin fəaliyyəti və universitetdəki tədris prosesi barədə ətraflı məlumat verib. Fransanın dövlət katibi Jan-Vensan Plase UFAZ-ın Fransa ilə Azərbaycan arasında ali təhsil sahəsində ən uğurlu layihə olduğunu bildirib. Təhsil nazirinin müavini Ceyhun Bayramov isə UFAZ-ın iki ölkənin təhsil sahəsindəki əlaqələrinin yeni mərhələsi olduğunu vurğulayıb. ADNSU-nun rektoru, professor Mustafa Babanlı UFAZ-dakı tədrisdən və tələbələrin göstəricilərindən məmnun qaldığını deyib.

Yeni tədris binasının açılışı

Untitled design (2)2

2017-ci il, sentyabrın 15-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni tədris binasının açılış mərasimi keçirilib. Təhsil naziri Mikayıl Cabbarov, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jan-Batist Lemuan, Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Araşdırmalar və İnnovasiyalar şöbəsinin Baş direktoru Alen Berets, Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin vitse-prezidenti İrene Jacoberger, Fransanın Kimya Tədqiqatlar Fondunun prezidenti Bernar Menye tədbirdə iştirak edib.

Mikayıl Cabbarov UFAZ-ın yeni tədris binasının açılışının Azərbaycan və Fransa arasındakı əməkdaşlıq üçün əlamətdar hadisələrdən biri olduğunu qeyd edib.

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jan-Batist Lemuan öz çıxışında UFAZ-ın yaradılmasında Azərbaycanla birgə fəaliyyət göstərməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib.

Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Araşdırmalar və İnnovasiyalar şöbəsinin Baş direktoru Alen Berets UFAZ layihəsinin Azərbaycan və Fransanın birgə uğurlu işinin nəticəsi olduğunu qeyd edərək Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərdiyi ilk tədris ilində mükəmməl nailiyyətlərə imza atdığını vurğulayıb.

Açılış mərasimi çərçivəsində ADNSU, Strasburq Universiteti və Fransa Kimya Tədqiqatlar Fondunun birgə iştirakı ilə UFAZ Fondunun yaradılmasına dair müqavilə imzalanıb.

UFAZ-da sərgi

Untitled design (2)3

2018-ci il, mayın 27-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə Fransa Respublikası Avropa və xarici işlər naziri Jan-İv Lö Drian, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Strasburq və Ren 1 universitetlərin rektorları, Kosmik Tədqiqatlar Milli Mərkəzinin prezidenti Jan-Iv Lö Gol, Airbus DS France-nın prezidenti Nikola Şamussi, “Azerkosmos”un prezidenti Rəşad Nəbiyev, tələbələr və KİV nümayəndələri iştirak ediblər.

Daha sonra nazirlər Fransanın “Thales”, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Almaniyanın “Schneider Electric” şirkətləri ilə UFAZ arasında əməkdaşlıq memorandumunun imzalanması mərasiminə qatılıblar.

Laboratoriya binasının açılışı

Untitled design (2)4

2018-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ikinci tədris binasında yerləşən 2500 kv/m-lik ərazidə Azərbaycan-Fransız Universitetinin (UFAZ) kimya, fizika və kompüter elmləri sahələri üzrə təhsil alan tələbələri üçün tədris laboratoriyaları istifadəyə verilib. Laboratoriyalar Strasburq Universitetinin standartları əsasında quraşdırılıb.

Karyera Mərkəzinin açılışı

Untitled design (2)5

2022-ci il, iyunun 25-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Bakı Frankofon Karyera Mərkəzinin açılışı baş tutub.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı yeni yaradılan karyera mərkəzinin UFAZ tələbələri üçün daha geniş karyera imkanları, həmçinin əməkdaşlıq əlaqələri açacağına ümidvar olduğunu bildirib.

Frankofon Universitetlər Agentliyinin (AUF) Mərkəzi və Şərqi Avropa üzrə Regional direktoru, doktor Mohamed Ketata Azərbaycanda ilk belə bir karyera mərkəzinin açılışının strateji əhəmiyyətindən danışıb və mərkəzin UFAZ tələbə və məzunları üçün yeni imkanlar açacağını qeyd edib.

Azərbaycan və Fransa hökumətlərinin dəstəyi

kd5d6w274_01 1

2017-ci il, martın 14-də Parisdə sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland mətbuata bəyanatlarla çıxış ediblər. Liderlər iki dövlət arasında ali təhsil üzrə əməkdaşlıq prosesini, xüsusən də Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyətini yüksək dəyərləndiriblər.

Untitled design (4)yeni

Parisdə Azərbaycan Prezidentinin şərəfinə verilən şam yeməyində Fransa Prezidenti Fransua Olland bu universitetin uğurundan qürur hissi duyduğunu bildirib və Prezident İlham Əliyevə layihənin reallaşmasında verdiyi dəstəyə görə təşəkkür edib.

Untitled design (4)yeni2

2017-ci il, noyabrın 2-də Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb. Birinci vitse-prezident ölkələr arasında reallaşdırılan layihələrdən bəhs edərkən Azərbaycan-Fransız Universitetinin (UFAZ) ölkəmizin təhsil sistemi və ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib.

Untitled design (5)ufazz

Fransa Prezidenti Emmanuel Makron 2022-ci il, martın 7-də Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan və Fransa arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə ünvanladığı məktubda Azərbaycan-Fransız Universitetini (UFAZ) iki ölkə arasında dostluğun bünövrəsi adlandırıb.