Akademik heyət
Əsas müəllim heyəti
UFAZ Strasburq Universiteti ilə əməkdaşlıq çərçivəsində seçilmiş azərbaycanlı və fransız müəllimlərdən ibarət yüksək ixtisaslı beynəlxalq akademik heyətə malikdir. Bütün dərslər ingilis dilində keçilir. 4 illik təhsil müddətində dərslərin 70 %-i Fransa universitetlərindən dəvət olunmuş professorlar, digər 30 %-i isə Strasburq Universiteti ilə birgə müəyyən edilmiş yüksək ixtisaslı azərbaycanlı müəllimlər tərəfindən tədris olunur.
Daimi əsasda çalışan fransız müəllimlər
UFAZ-ın Fransadan dəvət olunmuş, daimi olaraq Bakıda işləyən müəllimləri kompüter elmləri, riyaziyyat, fizika və kimya kimi texniki fənləri tədris edirlər. Onlar yerli müəllimlərlə sıx əməkdaşlıq edərək, əsasən, təhsilin ilk 2 ili ərzində keçilən dərslərə fokuslanırlar.
Daimi əsasda çalışan azərbaycanlı müəllimlər
UFAZ-da çalışan Azərbaycanlı müəllimlər Strasburq Universiteti ilə əməkdaşlıq şəraitində müfəssəl seçim əsasında müəyyən edilirlər. Onların elmi-akademik nailiyyətləri, ingilis dili bilikləri və xarici universitetlərdə təcrübələrinin olmasına xüsusi önəm verilir.
Dəvət olunmuş professorlar
UFAZ-a Strasburq Universiteti (UNISTRA) konsorsiumu vasitəsilə xaricdən dəvət edilən professorlar bakalavr və magistr təhsili boyunca tələbələrlə öz bilik və bacarıqlarını bölüşürlər. Əcnəbi müəllimlərin dərsləri tələbələrin xarici ali təhsil müəssisələrinin tələblərinə cavab verəcək şəkildə yetişmələrini təmin edir.