Niyə UFAZ?

niyə ufaz  1

Azərbaycan-Fransız Universitetinin (UFAZ) yaradılması təşəbbüsü 2014-cü ildə Azərbaycan və Fransa Prezidentləri tərəfindən irəli sürülüb. 2016-cı ilin sentyabrında isə universitetdə tədris prosesi başlayıb. UFAZ layihəsinin əsas məqsədi Azərbaycan və Fransanın təhsil sistemləri arasında körpü yaratmaq, Azərbaycan təhsilini beynəlxalq standartlara uyğunlaşdırmaq, praktik və tədqiqat əsaslı tədris modelini tətbiq etmək, tədqiqat və sənaye sahələri üçün ikidilli mütəxəssislər yetişdirməkdir.

Bakalavriat, magistratura və doktorantura (birgə proqram əsasında) səviyyələrində təhsil təklif edən Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrinə aşağıdakı imkanları təqdim edir:

İki diplom

niyə ufaz  2

UFAZ tələbələri təhsillərini başa vurduqda iki dövlət diplomu - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Strasburq Universitetinin (UNISTRA), eləcə də Renn 1 Universitetinin ("Neft və qaz mühəndisliyi" ixtisası üzrə) diplomunu alırlar.

Ödənişsiz təhsil

niyə ufaz  3

Azərbaycan-Fransız Universiteti (UFAZ) bakalavr səviyyəsində 5, magistratura səviyyəsində isə 4 ixtisas üzrə təhsil almaq imkanı təqdim edir. Bakalavr proqramları üçün ümumilikdə 190, magistratura ixtisasları üçün isə 110 yer ayrılmışdır. Hər bir yer dövlət hesabına maliyyələşdirilir və tələbələr üçün tam ödənişsiz təhsil təmin olunur.

Akademik mükəmməllik

niyə ufaz  4

UFAZ həm peşəkar müəllim heyəti, həm də dəvət olunmuş beynəlxalq professorları ilə yalnız Azərbaycanda deyil, eyni zamanda regiondakı ən yüksək akademik mükəmməlliyə nail olmaq niyyətindədir. Azərbaycan və Fransadan olan yüksək ixtisaslı və dərin təcrübəyə malik müəllim heyəti dərsləri ingilis dilində tədris edir. Kurikulumun bir hissəsi olaraq fransız dilinin də öyrədilməsi isə tələbələrin magistratura təhsilini Fransada davam etdirməsi üçün şans yaradır.

Azərbaycanda orta məktəbi əla akademik göstəricilərlə bitirmiş və ya xaricdə orta məktəb təhsili almış şəxslər UFAZ üçün potensial tələbə hesab olunurlar. Burada təhsil almağı hədəfləyənlər Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda yüksək nəticə göstərməlidirlər. Həm yerli, həm də xarici tələbələrin ingilis dili üzrə fundamental biliklərə malik olması, eyni zamanda Strasburq Universiteti tərəfindən Bakıda təşkil olunan imtahanlardan uğurla keçməsi vacibdir.

Əcnəbi tələbələr ödənişli əsaslarla təhsil almaq üçün UFAZ-a müraciət edə bilərlər.

Elmi ekperimental təhsil və tədqiqatlar mərkəzi

niyə ufaz  5

Əsası 2018-ci ildə qoyulmuş və Strasburq Universitetinin standartlarına uyğun şəkildə təchiz olunmuş UFAZ laboratoriyaları Azərbaycanda ən eksklüziv texniki imkanlara malikdir. 2500m² sahəni əhatə edən altımərtəbəli binada 1 kimya mühəndisliyi, 1 ümumi kimya, 1 analitik kimya, 1 üzvi kimya, 4 fizika və 2 İKT laboratoriyası yerləşir. Tədris laboratoriyaları müəllim və tələbələrə dərsləri praktik şəkildə keçirmək, eyni zamanda araşdırma aparmaq imkanı verir.

Strasburqda yay məktəbi

niyə ufaz 6

Tədris ili müddətində ən uğurlu akademik nəticə göstərmiş 40 tələbə iki həftəlik yay məktəbində iştirak etmək imkanı qazanır. Bununla tələbələr fransız dili biliklərini inkişaf etdirir, Fransa tarixi və mədəniyyəti ilə daha yaxından tanış olur, eyni zamanda Strasburqda yerləşən beynəlxalq təşkilat, akademik institut və elmi laboratoriyalara səfər edirlər.

Kreativlik

niyə ufaz 7

İxtisas biliklərinin təkmilləşdirilməsi, eyni zamanda dərsdənkənar fəaliyyətlərinin dəstəklənməsi məqsədilə tələbələrin laboratoriya işi, çöl təcrübələri, beynəlxalq və regional yarışlarda iştirakı daim təşviq edilir. UFAZ tələbələrə öz startap və elmi ideyalarını, Tələbə Şurası və tələbə klubları çərçivəsindəki fəaliyyətlərini həyata keçirmələri üçün platforma təklif edir.

Mərkəzi məkan

niyə ufaz 8

2017-ci ildə təmir və yenidənqurma işlərindən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3-cü binası Azərbaycan-Fransız Universiteti (UFAZ) adı altında fəaliyyət göstərməyə başladı. Yerli əhəmiyyətli memarlıq abidəsi statusu daşıyan və dövlət tərəfindən qorunan tədris binası Bakı şəhəri, Nizami küçəsi 183 ünvanında yerləşir. Həm “28 May” metro stansiyasına yaxınlığı, həm də yerləşdiyi ərazidə yerüstü nəqliyyatın aktiv təşkil olunması bu məkanı tələbə və müəllim heyəti üçün əlçatan edir.