Bakalavra qəbul
UFAZ-ın bakalavr pilləsinə qəbul iki mərhələdə həyata keçirilir. İlkin olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) 1-ci ixtisas qrupu üzrə təşkil etdiyi imtahanlarda iştirak etmək və 700 baldan 450-500 bal (ilbəil dəyişə bilər) toplamaq lazımdır. Bu tələbə cavab verən abituriyentlər ikinci mərhələyə adlayaraq Strasburq Universiteti tərəfindən təşkil olunmuş UFAZ-ın daxili imtahanında iştirak etmək imkanı qazanırlar.
UFAZ-a qəbul imtahanı həm Azərbaycan, həm də rus dillərində həyata keçirilir. Bu isə hər iki dil sektoru üzrə abituriyentlərin imtahanda iştirak etməsinə şərait yaradır.
UFAZ-a qəbul imtahanı test suallarından ibarətdir və aşağıdakı fənləri əhatə edir:
- Fizika (10 sual);
- Kimya (10 sual);
- Riyaziyyat (10 sual);
- Ümumi elmi biliklər (10 sual);
- İngilis dili.
Abituriyentlərin ingilis dili bilikləri test deyil, tapşırıqlar və esse yazmaq əsasında dəyərləndirilir.
Fənlər üzrə imtahanlar eyni gündə, UFAZ binasında aparılır. Hər sualın düzgün cavabı 2 balla dəyərləndirilir, bu isə hər fənn üzrə maksimum 20 bal deməkdir. Beş fənn üzrə ümumi maksimal göstərici 100 bal təşkil edir. Ümumi keçid balı mövcud olmasa da, ingilis dilindən minimum 8 bal toplamaq lazımdır.
Qiymətləndirmə prosesində Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda toplanılmış nəticələr deyil, yalnız UFAZ-a qəbul imtahanının nəticələri nəzərə alınır. Yekun nəticələr Strasburq və Renn 1 universitetlərinin ekspertlərinin nəzarəti altında xüsusi komissiya tərəfindən elan olunur.
Bakalavr pilləsi üçün ümumilikdə 190 yer ayrılıb və bütün yerlər ödənişsizdir.
UFAZ-a qəbul imtahanında iştirak etmək üçün keçidə daxil ola bilərsiniz: https://admission.ufaz.az/en/
UFAZ-a qəbul imtahanından keçmiş, lakin qəbul olunmamış abituriyentlər Azərbaycanda fəaliyyət göstərən digər ali təhsil müəssisələrinə müraciət edə bilərlər.
Əlaqə
- Bakı ş., Nizami küç. 183, Azərbaycan-Fransız Universiteti (UFAZ)
- Tel: (+994 12) 599 00 72
- E-mail: admissions@ufaz.az