6 gün, 7 saat əvvəl
UFAZ-ın 10 tələbə və məzunu “TotalEnergies EP Abşeron”un 2026-cı il üzrə təqaüdünün qalibi olub
“TotalEnergies EP Abşeron” şirkətinin 2026-cı il üzrə beynəlxalq təqaüd proqramının qaliblərinin adları bəlli olub. Nəticələrə əsasən, təqaüd proqramı üzrə ayrılmış 10 yerin hər birinə Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbə və məzunları layiq görülüb.
Qaliblər arasında “Geologiya və geofizika mühəndisliyi” ixtisasında təhsil alan Natella Kazımova, həmin ixtisasdan məzun olmuş Leyla Quliyeva, “Neft və qaz mühəndisliyi”ndə oxuyan Nəzrin İsgəndərli, “Kimya mühəndisliyi” ixtisasının tələbələri Novruz Juvarlinski, Ayşən Niftəliyeva , Məryəm Babayeva, Raziyə Hüseynli, Ceyran İmranova, Tamerlan Musayev və həmin ixtisasdan məzun olmuş İbrahim Zəkiyev yer alaraq beynəlxalq səviyyəli təhsil proqramında iştirak hüququ qazanıb.
“TotalEnergies EP Abşeron” şirkətinin Fransa Səfirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi bu nüfuzlu proqramın əsas məqsədi Azərbaycanda yüksək potensiallı namizədləri müəyyən etmək və gələcəyin enerji sektorunun ehtiyaclarına uyğun kadr hazırlığına dəstək verməkdir. Namizədlərin hər biri seçim prosesində həm texniki, həm də dil bilikləri üzrə sınağa çəkiliblər. Qaliblər təqaüd proqramı çərçivəsində 2026-2028 ci illərdə Fransa universitetlərində öz ixtisasları üzrə magistratura pilləsində təhsil alacaqlar.
Bu proqram təkcə akademik biliklərin artırılmasına deyil, həm də tələbələrin bərpa olunan enerji, süni intellekt və gələcəyin materialları kimi müasir texnoloji sahələrdə ixtisaslaşmasına şərait yaradır. Qalib gələn hər bir tələbəyə “TotalEnergies EP Abşeron” tərəfindən Fransada aylıq yaşayış və nəqliyyat xərcləri üçün maliyyə dəstəyi göstərilir. Seçilmiş bütün namizədlər Fransa Hökumət Təqaüdçüsü statusuna malikdirlər.
Qeyd edək ki, 2020-ci ildən başlayaraq “TotalEnergies EP Abşeron” şirkətinin və Fransa səfirliyinin təşəbbüsü ilə 2020-2022, 2022-2024, 2024-2026-ci illər üçün 29 UFAZ məzunu təhsilini Fransada magistratura, 1 nəfər isə doktorantura pilləsində davam etmək üçün təqaüd əldə edib.
2020-2022 və 2022-2024-cü illər üzrə təqaüd qazanan məzunlar artıq əmək fəaliyyətinə başlayıb yaxud təhsillərini doktorantura səviyyəsində davam etdirirlər. 2024-2026-cı illər üzrə təhsil alan tələbələr isə bu il məzun olacaqlar.