11 ay əvvəl
“Cənub-Qərbi Xəzər hövzəsində pliosenin formalaşması dövründəki məsamə təzyiqi anomaliyaları: Cənub-Qərbi Xəzər hövzəsi” mövzusunda elmi seminar keçirilib

UFAZ-da Fidan Aslanzadə və Zümrüd Aslanovanın iştirakı ilə “Cənub-Qərbi Xəzər hövzəsində pliosenin formalaşması dövründəki məsamə təzyiqi anomaliyaları: Cənub-Qərbi Xəzər hövzəsi” mövzusunda elmi seminar keçirilib. Tədbirdə spikerlər rezervuar süxurların və anomal təzyiqin izlənilməsi üçün nəzərdə tutduqları metodika və öz layihələri barəsində məlumat veriblər. Onlar bildiriblər ki, təklif olunan metodikanı bir neçə neft yatağında tətbiq etmək niyyətindədirlər.
Fidan Aslanzadə UFAZ-da “Neft və Qaz Mühəndisliyi” üzrə bakalavr proqramının koordinatorudur. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistratura, Anqliya Ruskin Universitetindən (Böyük Britaniya) MBA proqramı üzrə təhsil alıb. Onun Rezervuar Mühəndisliyi, Petrofizika və Sedimentologiya sahələri üzrə 10 ildən çox təcrübəsi, həmçinin 3 ildən artıq pedaqoji təcrübəsi var. O, hazırda Strasburq Universitetində doktorantura təhsili alır və “Cənub-Qərbi Xəzər hövzəsində Məhsuldar Qat” mövzusu üzrə araşdırma aparır. Onun tədqiqat obyekti 3D rezervuar modeli, sedimentologiya, petrofizika və neft və qaz rezervuarlarının hasilatının optimallaşdırılması sahələrini əhatə edir.
Zümrüd Aslanova Xəzər Universitetində, Neft Mühəndisliyi üzrə magistratura təhsili alıb. O, hazırda "Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi-Tədqiqat İnstitutunda tədqiqatçı kimi çalışır və doktorantura təhsili alır. Onun tədqiqatı geofiziki üsulları araşdıraraq hasilat parametrlərinin yaxşılaşdırılmasına yönəlib. Həmçinin, onun 2 illik pedaqoji təcrübəsi var və hazırda ADNSU-da müəllim kimi fəaliyyət göstərir.


