8 ay, 3 həftə əvvəl

UFAZ-da qəbul prosesi tamamlanıb

admission completed

Avqustun 2-də UFAZ-a 2024/2025-ci tədris ili üçün bakalavr pilləsi üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb.

İmtahanda iştirak etmək üçün 466 nəfər abituriyent qeydiyyatdan keçib və onlardan 358 nəfər imtahanda iştirak edib. Yekun nəticələrə əsasən 186 nəfər tələbə adını qazanıb. Tələbə adını qazanmış abituriyentlərdən 60 nəfər kompüter elmləri, 40 nəfər kimya mühəndisliyi, 30 nəfər neft və qaz mühəndisliyi, 29 nəfər kimya, və 30 nəfər isə geofizika mühəndisliyi ixtisasına qəbul olub.

Strasburq universiteti tərəfindən təşkil edilən imtahanda Rəsul Rəhimov UFAZ ən yüksək bal toplayan abituriyent olmuşdur və UFAZ-ın kompüter elmləri ixtisasını seçib.

Son illər gənc qızların mühəndislik ixtisaslarına yiyələnməsi üçün UFAZ-ın apardığı maarifləndirmə və dəstək kampaniyasının nəticəsi olaraq, universitetə maraq göstərən qızların sayı artmaqdadır. Belə ki, yeni qəbul olmuş tələbələrin 47.3%-ni (88 nəfər) qızlar təşkil edir.

İmtahanda uğurlu nəticə əldə edən abituriyentlərin təsdiq olunmuş siyahısı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim olunub. Elm və Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə iştirak etməyəcəklər.

Qeyd edək ki, UFAZ-ı bitirdikdə, tələbələr ADNSU ilə yanaşı Fransanın Strasburq Universitetinin (neft və qaz mühəndisliyi ixtisası üzrə Renn Universitetinin) diplomlarını alacaqlar. UFAZ-da bütün ixtisaslar üzrə tədris 4 ildir və qəbul bu ildən etibarən tam dövlət sifarişli əsaslarla aparılır.