1 il, 2 ay əvvəl
ADNSU-da UFAZ-ın magistratura proqramları ilə bağlı infosessiya keçirilib

Fevralın 20-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) təklif etdiyi 4 magistratura proqramı ilə bağlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələr üçün infosessiya keçirilib. UFAZ-ın icraçı direktor əvəzi Lətifə Nəsibova qeyd edib ki, Azərbaycan-Fransız universiteti tələbəlik illərindən etibarən nəzəri biliklərlə yanaşı, fənnlərə praktiki yanaşması ilə seçilən ali təhsil müəssisəsidir. O, həmçinin UFAZ-da təhsilin tamamilə ödənişsiz olduğunu diqqətə çatdırıb. UFAZ-ın baş katibi Yelizaveta Bidanova təklif olunan magistratura ikili diplom proqramlarının üstünlüklərindən, yüksək göstəriciləri ilə seçilən tələbələrin 2-ci tədris ilinin ikinci semestrini Fransada keçirmək şansından söz açıb.
Ardınca, Strasburq universitetindən dəvət olunmuş proqram rəhbəri Damien Lemarşan, proqram koordinatorları Maksim Floren və Samer El Zant tərəfindən magistratura proqramlarının hər biri haqqında ətraflı təqdimat edilib. Tədbirdə həmçinin UFAZ-ın magistratura proqramlarının uğurlu məzunları Malik Şeyxli və İlkin Səfərli də iştirak edərək, öz uğur hekayələrini bölüşüblər.
Tədbirdə həmçinin tələbələr üçün infosessiyaların keçirilməsinin gənclərin müxtəlif təhsil imkanları barəsində məlumatlandırılması baxımından müstəsna rol oynadığı vurğulanıb. Sonda iştirakçıların sualları cavablandırılıb.



