6 ay, 2 həftə əvvəl
bp UFAZ-da erkən karyera və təcrübə imkanları ilə bağlı məlumat sessiyası keçirib

bp şirkəti 2025-ci il erkən karyera işə qəbul proqramını tələbələrə təqdim etmək məqsədilə Fransız-Azərbaycan Universitetində (UFAZ) məlumat sessiyası təşkil edib. “Təcrübə İmkanları” adlı tədbirin əsas məqsədi tələbələrə bp-nin məzun və təcrübə proqramları, həmçinin enerji sektorunda uğurlu karyera qurmaq üçün zəruri olan bacarıqlar haqqında mühüm məlumatlar vermək idi.
2025-ci il işə qəbul proqramı quyular, mühəndislik, səhiyyə, əməyin təhlükəsizliyi və ətraf mühit (HSE), eləcə də kommunikasiya və xarici əlaqələr sahələrində geniş imkanlar təklif edir. Tədbir zamanı tələbələr üçün nəzərdə tutulmuş “Discovery Week” proqramı da təqdim olundu. Bu proqram geologiya, elektrik, mexaniki və fırlanan avadanlıqlar mühəndisliyi üzrə ixtisaslaşan tələbələri hədəfləyir.
Sessiyada bp-nin müxtəlif sahələr üzrə mütəxəssisləri öz təcrübələrini bölüşərək proqramların məzmunu və müraciət prosesi barədə ətraflı məlumat veriblər. Təqdimat edənlər arasında bp-nin Erkən Karyera üzrə baş məsləhətçisi Xədicə İsmayılova, Qaz Həlləri üzrə Petrofizik Fəridə Məmmədxanova, Geofizik Məzunu Teyyuba Adıgözəlova və Geologiya üzrə mütəxəssis Vüsal Əzimov yer alıb. Onlar uyğunluq meyarları və proqramların xüsusiyyətləri barədə məlumat verərək enerji sektoruna daxil olmaq istəyən gənclərə dəstək yollarını izah ediblər.
Qeyd edək ki, proqrama 2023, 2024 və 2025-ci tədris illərinin məzunları müraciət edə bilərlər. 2026-cı ildə məzun olacaq tələbələr təcrübə proqramı üçün, 2027-ci il məzunları isə “Discovery Week” proqramına qatılmaq üçün müraciət edə bilərlər. Bütün proqramlar üçün Azərbaycan vətəndaşlığı və minimum 2.5 (75%) qiymət ortalamasına malik olmaq tələb olunur.
Tədbirin sonunda keçirilən sual-cavab sessiyası tələbələrə bp nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq imkanı yaradıb



