10 ay, 3 həftə əvvəl
“Xəzər hövzəsi keçid dövründə: Yer elmləri və ətraf mühit problemləri arasında körpü 2024” konfransı başa çatıb

“Xəzər hövzəsi keçid dövründə, yer elmləri və ətraf mühit problemləri arasında körpü 2024” konfransı başa çatdı. Konfrans 3-6 iyun tarixlərində UFAZ-da baş tutdu. Bp şirkətinin baş sponsorluğu ilə UFAZ, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, CASPISNET, EiGroup və ARPA İB tərəfindən birgə təşkil olunan bu konfransın məqsədi dəyişməkdə olan dünyada yer elmlərinə dair əsas çətinlikləri müzakirə etmək üçün zəngin bir platforma təklif etməkdir.
Xəzər hövzəsinə dair konfrans çərçivəsində enerji keçidi ilə bağlı çətinliklərə cavab olaraq yer elmlərində yeni yanaşmalar, metodologiyalar və məlumatlar təqdim edildi və müzakirə olundu. Konfransda Xəzər dənizi hövzəsinə dair mövzulara xüsusi diqqət yetiriləcək, keçid dövründə olan dünyanın problemləri, georesursların kəşfiyyatı və davamlılığı, geotəhlükələrin qiymətləndirilməsi və qarşısının alınması, həmçinin təbii və antropogen sistemlərin qlobal dəyişikliklərə davamlılığı kimi məsələlər araşdırılacaq.
Konfransda həm yerində, həm də virtual təqdimatlar yer aldı, məruzələr, şifahi təqdimatlar, abstraktların və posterlərin nümayişi keçirildi. Dörd günlük konfrans həmçinin dəyirmi masa müzakirələri, palçıq vulkanlarına sahə turları, qeyri-formal şam yeməyi müzakirələri və şəbəkələşmə fəaliyyətlərini də əhatə etdi. Bundan əlavə, COP29 çərçivəsində müzakirə olunacaq davamlılıq və iqlim dəyişikliklərinə dair mövzular da tədbirin diqqət mərkəzində idi. Qeyd edək ki, təqdimat üçün göndərilmiş 73 abstraktdan 42-si şifahi təqdimatlar üçün, 25-i isə poster nümayişləri üçün seçilmişdi.
Konfrans dörd əsas mövzunu əhatə etdi və spikerlərin təqdimatları da məhz bu mövzulara yönəlmişdi. Həmin mövzulara “Xəzər hövzəsinin georesurslarının tədqiqi və qorunması”, “Geotəhlükələrin qiymətləndirilməsi və qarşısının alınması”, “Keçid dövründə iqlim dəyişikliyi və davamlılıq” və “Yer elmləri sahəsindəki sərhədlər” daxildir. Konfransa Azərbaycanla yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, İran, Fransa, Birləşmiş Krallıq, Türkiyə, Norveç, İsveçrə, Cənubi Afrika, İtaliya. Finlandiya və İsraildən də iştirakçılar qatılımışdılar.
Konfransın əsas spikerləri Elm və Texnologiyada Avropa Əməkdaşlığı (COST) fəaliyyəti üzrə Türkiyə təmsilçisi və Dəniz Elmləri və Texnologiyası İnstitutunun professor Günay Çiftçi, Tel-Əviv Universitetinin professoru, həmçinin ADNSU-nun fəxri professor Lev Appelbaum, Milan Katolik Universitetinin professor assistenti Matteo Tarantino, Kosmik Geofiziki Okeanoqrafiya Laboratoriyasının (LEGOS) nümayəndəsi Jan Fransua Kreto, ABŞ-ın Ətraf Mühit Sistemləri Tədqiqat İnstitutunun (ESRİ) Beynəlxalq Tədqiqatlar üzrə direktoru Sohail Elabd, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunda tədqiqatçı Rodriqo Labardini və NASA Reaktiv Hərəkət Laboratoriyasının elmi tədqiqatçısı və Kaliforniya Texnologiya İnstitutunun professoru Sassan Saatçi oldu.








