1 ay əvvəl

Yer Kürəsinin Kosmosdan Müşahidəsi: UFAZ-da Dayanıqlı İnkişaf üzrə Növbəti Elmi Seminar Keçirildi

resem bah 1

Mayın 13-də UFAZ-da uzaqdan zondlama və InSAR texnologiyaları üzrə tanınmış alim Dr. Bəhruz Əhədovun iştirakı ilə "Dayanıqlı İnkişafa Kosmik Töhfə: Su, Yer Səthi və İqlim Dinamikalarının Öyrənilməsində SAR və Optik Məsafədən Zondlama Yanaşmaları" adlı elmi seminar keçirildi. Çin Elmlər Akademiyası Universitetinin məzunu və NASA-nın “Jet Propulsion Laboratory” (JPL) tədqiqat mərkəzində postdoktorant olan Bəhruz Əhədov peyk məlumatlarının geoloji və ekoloji problemləri anlamaqda nə dərəcədə mühüm rol oynadığına diqqət çəkdi.

Seminarda əsas diqqət SAR və optik peyk görüntüləri kimi qabaqcıl peyk texnologiyalarının Yer sistemlərinin müşahidəsi məqsədilə istifadə olunmasına yönəldildi. Dr. Əhədov bu texnologiyaların kosmos elmləri ilə dayanıqlı inkişaf arasında əlaqə yaratdığını, həm elmi tədqiqatda, həm də real həyatda qərar qəbul etməkdə nə qədər faydalı olduğunu vurğuladı.

Bəhruz Əhədov InSAR məlumatlarından istifadə etməklə tektonik fəallığın, zəlzələ və vulkanik dəyişikliklərin necə izlənildiyini göstərdi. Bu məlumatların geoloji hərəkətliliyi analiz etmək, riskləri qiymətləndirmək və erkən xəbərdarlıq sistemləri qurmaqda əhəmiyyəti böyükdür. O, həmçinin SAR və optik peyk şəkilləri vasitəsilə şirin su ehtiyatlarının monitorinqi, su keyfiyyətindəki dəyişikliklərin aşkarlanması və iqlim dəyişikliyindən təsirlənən hidroloji sistemlərin öyrənilməsi məsələlərinə toxundu.

Seminarda həmçinin peyk məlumatları ilə torpaq səthindəki dəyişikliklərin izlənməsi nümunələri təqdim olundu. Bunlara meşələrin qırılması, şəhərsalmanın genişlənməsi, kənd təsərrüfatı sahələrinin dəyişməsi və səhralaşma daxildir. Bu nümunələr həm insan fəaliyyətinin, həm də təbii proseslərin ətraf mühitə necə təsir etdiyini göstərdi. Dr. Əhədov həmçinin peyk müşahidələrinin iqlim modellərinə töhfə verdiyini, istixana qazlarının təsirlərini izlədiyini bildirdi, uzunmüddətli dayanıqlılıq hədəflərinə nail olmağa dəstək verdiyini qeyd etdi.

Bu seminar geologiya, iqlim dəyişikliyi və kosmik texnologiyaların ətraf mühit problemlərinin həllində tətbiqi ilə maraqlanan tələbə və tədqiqatçılar üçün dəyərli və maarifləndirici təcrübə oldu.

resem bah 2
resem bah 3
resem bah 4
resem bah 5
resem bah 6