3 ay, 2 həftə əvvəl
UFAZ-ın təşkilatçılığı ilə Yaşıl kimya hakatonu baş tutub

11-12 yanvar tarixlərində Azərbaycan-Fransız Universitetində UFAZ Sahibkarlıq və İnnovasiya Mərkəzi ilə UFAZ Kimya mühəndisliyi klubu tərəfindən təşkil olunan Yaşıl Kimya Hakatonu baş tutub. Tədbir yaşıl kimya ilə bağlı real problemlərin həllinə töhfə vermək və daha davamlı gələcək üçün innovativ həllərin hazırlanmasını təşviq etmək məqsədi daşıyıb.
Hakaton Azərbaycanın müxtəlif universitetlərindən olan tələbələri və mütəxəssisləri bir araya gətirərək əməkdaşlıq üçün unikal mühit yaradıb. İştirakçılar komanda halında ekoloji problemlərin aradan qaldırılmasına yönəlmiş həllər tapmaq üçün çalışıblar və yarışma boyunca peşəkar mentorların dəstəyindən yararlanıblar.
Tədbiri giriş sözü ilə açan UFAZ-ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova bu cür təşəbbüslərin gənclərin potensialının üzə çıxarılmasında misilsiz rol oynadığını vurğulayıb. Ardınca, mentorlar və münsiflər heyətinin üzvləri iştirakçılara təqdim olunub. Hakatonun ilk günündə müxtəlif universitetlərdən olan komandalar püşkatma yolu ilə mövzuları seçdikdən sonra təqdim olunan problemə həll yolu tapmaq üçün çalışıblar. İkinci gün isə komandalar hazırladıqları həlləri münsiflər heyətinə təqdim edərək onların suallarını cavablandırıblar.
Sonda ən uğurlu təqdimatla çıxış edən 3 komanda qalib gəlib. Birinci yerə UFAZ tələbələrindən ibarət “Algenix”, ikinci yerə Dövlət Gömrük Komitəsinin tələbələrindən ibarət “Bitbybit”, üçüncü yerə isə yenə UFAZ tələbələrindən ibarət “Slay” adlı komanda layiq görülüb.
Birinci yeri qazanan komanda 500 AZN, ikinci yeri qazanan 300 AZN, üçüncü yer isə 200 AZN məbləğində pul mükafatı qazanıb. Sonda bütün iştirakçılara dayanıqlı inkişafa töhfə verdiklərinə görə sertifikat təqdim olunub və xatirə şəkli çəkdirilib.













