7 ay, 2 həftə əvvəl
2024-cü il üzrə birgə tədqiqat layihələrinin nəticələri

Azərbaycan-Fransız Universiteti (UFAZ) 2024-cü ildə ilk dəfə olaraq tədqiqat işlərini dəstəkləmək, seçilmiş namizədlərin fransız tədqiqatçıları ilə birgə layihələrə cəlb edilməsi, innovativ tədqiqat proqramınının və birgə nəşrlərin dəstəklənməsi məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) doktorantları və tədqiqatçıları üçün birgə tədqiqat işləri ilə bağlı üç istiqamət üzrə müraciətlərin qəbulunu keçirmişdi. Tədqiqat istiqamətlərinin hər biri üzrə (Kimya mühəndisliyi, kompüter elmləri, yer elmləri) müraciət edənlər sırasından müvafiq olaraq 3, toplam 9 tədqiqatçı seçilmişdi.
Kompüter elmləri istiqaməti üzrə ADNSU-nun seçilmiş 3 doktorantı Anar Məmmədli, Samir Əliyev və Pavel Kosov Fransanın Rouen Universitetinin professoru Sesilia Zanni-Merk və ADNSU-nun professor və dosentlərinin elmi rəhbərliyi ilə cari ilin sentyabr ayında İspaniyanın Sevilya şəhərində “Biliyə əsaslanan və intellektual informasiya və mühəndislik sistemləri” mövzusunda keçirilən 28-ci Beynəlxalq Konfransda iştirak etmək üçün məqalə ilə müraciət edib və konfransa dəvət olunublar. 11-13 Sentyabr tarixlərində Samir, Pavel və Anar adı qeyd olunmuş konfransda uğurla iştirak ediblər və onlar xərcləri UFAZ tərəfindən qarşılanıb.
Məlumat üçün bildirək ki, Pavel Kosovun UFAZın müəllimlərindən Nahla El Kadhi və Sesiliya Zanni-Merk və ADNSU-nun prorektoru Lətafət Qardaşova ilə birgə yazdığı "İzaholunan Süni İntellektin İnkişafı: Qara qutu öyrənmə modellərinin semantik əsaslı izahlarını genişləndirmək üçün yeni xüsusiyyətlər" adlı məqaləsi ilə konfransda “ən yaxşı tələbə məqaləsi” nominasiyası üzrə mükafatlandırılıb.
ADNSU-nun seçilmiş 3 tədqiqatçısından biri, Neft və qaz geologiyası kafedrasının laborantı Allahverdi Tağıyev Fransanın Strazburq Universitetinin “Ətraf Mühit və Yer elmləri” İnstitutu (İTES) tərəfindən həmin institutun professorları Marvan Fahs və Damien Lemarşan ilə birlikdə tədqiqat aparması üçün dəvət olunub. Allahverdi Tağıyevin orada iqlim dəyişikliklərinin su ehtiyatlarına təsirini müasir qiymətləndirmə metodları ilə araşdırması nəzərdə tutulmuşdu. O, bir həftə ərzində qeyd olunmuş institutda tədqiqat işini uğurla başa vurub.



