7 ay, 2 həftə əvvəl

H-indeksi 201 olan və 194,400-dən çox istinada malik professor Siram Ramakrişna UFAZ-da mühazirə keçib

seeram4

Qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə həsr olunmuş forum çərçivəsində Sinqapur Milli Universitetinin (NUS) professoru Siram Ramakrişna UFAZ-da davamlı inkişaf yolları haqqında mühazirə verdi.

Professor Ramakrişna Sinqapurun hazırki inkişaf səviyyəsinə qədər qət etdiyi yoldan, ölkənin təhsil sistemindən və hazırda dünya reytinqində 8-ci sırada qərarlaşan Sinqapur Milli Universitetindən, onun uğurlarından danışdı. O, 21-ci əsrdə ali təhsilinin rolunun artmasından, innovasiyanın əhəmiyyətindən və universitetlərin daha da inkişaf etmək üçün qəbul edə biləcəyi strategiyalardan söhbət açdı. Ramakrişna həmçinin təhsil sahəsində şərait yaradan milli siyasət və qaydaların vacib rolunu, habelə innovasiyanın təşviqi məsələlərini müzakirə etdi. Bundan əlavə, qlobal iqtisadiyyatın gələcəyi və bu amillərin davamlılıqla necə vəhdət təşkil etməsi haqqında da fikir mübadiləsi aparıldı. Sonda iştirakçıların sualları cavablandırıldı.

Qeyd edək ki, professor Ramakrişna, NUS Mexanika Mühəndisliyi Departamentində materiallar mühəndisliyi sahəsində tanınmış mütəxəssisdir. O, Kembric Universitetindən fəlsəfə doktoru dərəcəsinə yiyələnib və Harvard Universitetində idarəçilik üzrə təkmilləşdirmə proqramı keçib. O, Davamlılıq (ME6509) və Tibb sahəsində Mühəndislik Materialları (ME6505) kimi kursları tədris edir.

Professor Ramakrişna dövri iqtisadiyyat və nanoteknologiya kimi sahələrdə qlobal miqyasda tanınan liderdir. O, nüfuzlu Everest Professoru tituluna sahibdir və İngiltərə Kral Mühəndislər Akademiyasının üzvüdür (FREng). Professor Ramakrişna mütəmadi olaraq dünyanın ən nüfuzlu alimləri (Thomson Reuters) və müxtəlif sahələrdə yüksək istinad edilən tədqiqatçılar (Clarivate Analytics) arasında yer alır. Onun tədqiqat göstəriciləri genişdir: h-indeksi 201 və 194,400-dən çox istinad sayı ilə elmi tədqiqat sahəsində böyük töhfələri vardır.

seeram5
seeram3
seeram2
seeram1