6 gün, 7 saat əvvəl
UFAZ-da qlobal su siyasətinə dair elmi seminar keçirilib
Martın 6-da Azərbaycan-Fransız Universitetində (UFAZ) İsveçrənin Azərbaycandakı Səfirliyinin Missiya rəhbərinin müavini və regional əməkdaşlıq üzrə müavini Dr. Qi Bonvinin iştirakı ilə "Su diplomatiyası" mövzusunda elmi-tədqiqat seminarı baş tutub.
2024-cü ilin 1 iyul tarixindən etibarən Azərbaycanda fəaliyyət göstərən Dr. Bonvin hazırkı vəzifəsində iqtisadi əməkdaşlıq, ikitərəfli əlaqələr və xüsusilə COP29 məsələlərinə fokuslanıb. Seminar müddətində o, suyun sadəcə təbii sərvət deyil, həm də beynəlxalq münasibətlərdə sülh və sabitliyin təminatçısı kimi strateji rolundan geniş bəhs edib.
Məruzəçi öz çıxışında 2019-cu ilin baharından 2022-ci ilin yayına qədər İsveçrənin Mərkəzi Asiya üzrə Su məsələləri üzrə xüsusi elçisi kimi qazandığı zəngin təcrübəsini iştirakçılarla bölüşüb. O, bu diplomatik vəzifədə İsveçrənin "Mavi Sülh" (Blue Peace) su diplomatiyası təşəbbüsünün mərkəzində dayandığını və transsərhəd kontekstdə mürəkkəb su-enerji-ərzaq-ətraf mühit əlaqələrinin yaratdığı çətinliklərin həllinə töhfə verdiyini vurğulayıb.
Dr. Bonvin, həmçinin 2022-ci ilin oktyabrından etibarən Ukraynadakı çətin şəraitdə dayanıqlı şəhər inkişafı, mobillik, səhiyyə və mədəniyyət sahələrində həyata keçirdiyi humanitar və inkişaf layihələrindən nümunələr gətirib.
Seminar su diplomatiyasının müasir dövrün çağırışlarına, o cümlədən iqlim dəyişikliyi və resursların idarə olunmasına necə cavab verməli olduğu barədə interaktiv müzakirələrlə yekunlaşıb.