6 gün, 7 saat əvvəl

UFAZ-da Rəhbər Komitənin 17-ci iclası keçirilib

654420952_1596578325336033_2802561248000034441_n steering 1

Martın 17-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Rəhbər Komitənin 17-ci iclası baş tutub. İclasda universitetin strateji inkişafı, akademik və elmi fəaliyyətinin mövcud vəziyyəti, həmçinin qarşıdakı illər üçün planlar müzakirə edilib.

İclasın həmsədrləri qismində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov və Strasburq Universitetinin (UNISTRA) prezidenti Frederik Berrod çıxış ediblər.

İştirakçılar arasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli (onlayn formatda), Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Fransanın Azərbaycandakı səfiri, xanım Sofi Laqut, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, universitetin baş katibi Martin Qodon, UFAZ koordinatoru Jan-Mark Planeks, Fransa Səfirliyinin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə müşaviri Şarl Denier, UFAZ Tədqiqat Şurasının həmsədri Dünya Babanlı, Akademik Şuranın həmsədri Nigar Adilova, Elm və Təhsil Nazirliyinin əməkdaşı Nailə Ömərova və UFAZ Tədris şöbəsinin müdiri Səmra Şiriyeva yer alıblar.

İclas ADNSU rektoru Rüfət Əzizovun iştirakçıları salamlaması ilə başlayıb. Daha sonra UNISTRA prezidenti Frederik Berrod çıxış edərək UFAZ-ın Azərbaycan və Fransa arasında akademik əməkdaşlığın inkişafında oynadığı rolu vurğulayıb.

Görüş zamanı UFAZ-ın fəaliyyətində müşahidə olunan dinamika və nailiyyətlər təqdim edilib. Xüsusilə universitetin 10 illik yubileyi, bu müddətdə əldə olunan nəticələr, bakalavr, magistr və doktorantura səviyyələrini əhatə edən təhsil proqramının formalaşması diqqətə çatdırılıb. Eyni zamanda yubiley münasibətilə planlaşdırılan əsas tədbirlər, yeni loqo və strateji kommunikasiya istiqamətləri təqdim olunub.

İclasda həmçinin Fransa universitetləri konsorsiumunun inkişafı və əməkdaşlıq platformasının genişləndirilməsi müzakirə edilib. Bu çərçivədə Strasburq Universitetinin (UNISTRA) digər fransız ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarının artırılması perspektivlərinə baxılıb.
Akademik və elmi inkişaf məsələləri gündəliyin əsas mövzularından biri olub. İştirakçılara UFAZ-da bakalavr, magistr və doktorantura səviyyələri üzrə tələbələrin ümumi statistik göstəriciləri təqdim edilib, həmçinin qəbul prosesinin mövcud vəziyyəti müzakirə olunub.

Doktorantura proqramları üzrə hazırkı vəziyyət, əldə olunan nailiyyətlər və qarşıdakı müdafiələr haqqında da təqdimat keçirilib. Xüsusilə 2026-2027-ci illər üçün “Cotutelle” proqramı çərçivəsində görülə biləcək işlər müzakirə edilib.

İclasda UFAZ-ın tədris və infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərə də toxunulub. Bu çərçivədə yeni tədris məkanlarının yaradılması, laboratoriya və praktik dərs otaqlarının saxlanılması, həmçinin ADNSU-nun dördüncü binasında planlaşdırılan yeni layihə barəsində məlumat verilib.

Tədqiqat fəaliyyətinin təşkili üzrə əldə olunan irəliləyişlər də təqdim olunub. Buraya yeni tədqiqat layihələrinin elan edilməsi, analitik laboratoriyaların yaradılması və universitetin elmi fəaliyyətinin beynəlxalq tərəfdaşlıqlar üzərindən inkişaf etdirilməsi daxildir. Bu strategiyanın magistr proqramları və doktorantura tədqiqatlarının gücləndirilməsinə xidmət etdiyi vurğulanıb.

Görüşdə həmçinin UFAZ-ın növbəti inkişaf mərhələsi üçün strateji baxış müzakirə edilib. Bu çərçivədə Akademik Komitə və Tədqiqat Şurasının yenilənmiş tərkibi təqdim olunub.

Bundan əlavə, magistr və doktorantura səviyyələrinin gücləndirilməsi, yeni nəsil müəllim-tədqiqatçıların yetişdirilməsi, doktorantların dəstəklənməsi, postdoktorantura proqramları və “tenure-track” modelinin tətbiqi kimi məsələlər də müzakirə olunub.

Daha sonra iclas çərçivəsində təklif olunan mövzular üzrə səsvermə həyata keçirilib.

İclasın sonunda həmsədrlər çıxış edərək UFAZ-ın gələcək inkişafı üçün Azərbaycan və Fransa arasında akademik əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

653788799_1596579315335934_1305060015456534667_n steering 3
654252751_1596579355335930_4400885916861567981_n steering 4
652531872_1596579415335924_7690078303003976193_n steering 5
651755231_1596579202002612_8445319023310668543_n steering 2
652904349_1596579498669249_4194771205039503172_n steering 6
653455791_1596579572002575_4107356768157544182_n steering 8
651795244_1596579528669246_4617042172914427380_n steering 7
654201713_1596579612002571_199838321576400653_n steering 9
654280065_1596579782002554_1289127872352791603_n steering 120