1 həftə əvvəl
Elektron Təhlükəsizlik Xidməti “İKT-də Qızlar” Günü Münasibətilə ADNSU və UFAZ Tələbələri üçün Təlim Sessiyası Keçirdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən “İKT-də Qızlar” Gününə həsr olunmuş xüsusi təlim sessiyası təşkil olundu. Təlimin məqsədi informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində qız tələbələrin biliklərini artırmaq, onları bu istiqamətdə karyera imkanları barədə məlumatlandırmaq və bu sahəyə olan maraqlarını stimullaşdırmaq idi.
Sessiyada informasiya təhlükəsizliyi üzrə mütəxəssis Fatimə Zülfiqarlı “Kibertəhlükəsizlikdə real təcrübələr və peşəkar inkişaf” mövzusunda təqdimatla çıxış etdi. O, kibertəhlükəsizlik sahəsində rast gəlinən praktiki hallar, müasir təhdidlər və bu sahədə peşəkar inkişaf yolları barədə ətraflı məlumat verdi. Təqdimat zamanı o, öz şəxsi təcrübələrindən də bəhs edərək tələbələr üçün həm motivasiyaedici, həm də maarifləndirici çıxışını təqdim etdi. Təlim interaktiv şəkildə keçirildi, iştirakçılar sual-cavab sessiyasında fəal iştirak edərək müzakirələrə qoşuldular.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan-Fransız Universiteti (UFAZ) olmaqla, ümumilikdə 34 qız tələbənin iştirak etdiyi bu sessiya onların kibertəhlükəsizlik sahəsinə dair əsas biliklərinin formalaşmasında mühüm rol oynadı.
Təlimin sonunda bütün iştirakçılara Elektron Təhlükəsizlik Xidməti tərəfindən sertifikatlar təqdim olundu. Bu təşəbbüs, qız tələbələrin texnologiya və təhlükəsizlik sahələrinə cəlb olunması istiqamətində atılan əhəmiyyətli addımlardan biri kimi qiymətləndirilir.






