6 gün, 7 saat əvvəl
Stasburq Universitetinin (UNISTRA) Prezidenti ADNSU və UFAZ-a səfər edib
Martın 16-da Stasburq Universitetinin (UNISTRA) Prezidenti Frederik Berrodun rəhbərlik etdiyi nümayəndə heyəti uzunmüddətli əməkdaşlığın inkişafı çərçivəsində Azərbaycan Fransız Universitetinə (UFAZ) səfər edib. Səfər çərçivəsində universitet rəhbərliyi, akademik heyət və əməkdaşlarla bir sıra görüşlər keçirilib.
Qonaqları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov, UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov və baş katib Martin Qodon qarşılayıb. Görüş zamanı tərəflər UFAZ modelinin inkişafı, iki universitet arasında akademik əməkdaşlıq, elmi tədqiqatların genişləndirilməsi və tələbələr üçün yeni imkanların yaradılması məsələlərini müzakirə ediblər.
Daha sonra nümayəndə heyəti UFAZ-ın tədris laboratoriyalarını ziyarət edib. Burada UFAZ-ın tədqiqat istiqamətləri ilə tanışlıq olub, elmi şöbələrin koordinatorları və tədqiqatçılarla görüş keçirilib. Görüşdə universitetdə aparılan elmi layihələr, beynəlxalq əməkdaşlıqlar və tədqiqat perspektivləri müzakirə olunub.
Səfərin növbəti hisssində UFAZ-ın tədris və inzibati fəaliyyətinin həyata keçirildiyi əsas binaya baş çəkilib. Burada inzibati heyətlə görüş keçirilib və universitetin gündəlik fəaliyyəti, tədris prosesinin təşkili və tələbələrə göstərilən xidmətlər barədə məlumat təqdim olunub.
Bu səfər UNISTRA, ADNSU və UFAZ arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və elmi-akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.