11 ay əvvəl
“Techcell” hakatonunun qalibləri açıqlanıb

“Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin (UFAZ) təşkilatçılığı ilə həyata keçirilən “Techcell” hakatonu başa çatıb və qaliblər elan edilib. Hakaton 18-19 aprel tarixlərində baş tutub. İştirakçılara bu müddət ərzində informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid 5 fərqli mövzu üzrə həllər təklif etmək tapşırılmışdı.
Əvvəlcə UFAZ-ın İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova tədbir iştirakçılarını salamladı və gənc istedadlar arasında innovasiya və əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı. UFAZ-ın Baş katibi Yelizaveta Bidanova UFAZ-ın daim akademik və praktiki bilikləri birləşdirən bu cür hakatonları dəstəklədiyini qeyd etdi. Azercell-in İnsan Kapitalının İdarə Edilməsi Departamentinin Direktoru Dilarə Hüseynova şirkətin belə əməkdaşlıq tədbirləri vasitəsilə növbəti nəsil İT mütəxəssislərinin inkişafına töhfə verməyi hədəflədiyini bildirdi. Azercell-in Proqram təminatı üzrə kiçik mütəxəssisi Cavid Abışov şəxsi təcrübəsini iştirakçılarla bölüşdü və Techcell kimi hakatonların yeni başlayan gənclər üçün olduqca böyük bir fürsət olduğunu diqqətə çatdırdı.
Ardınca, UFAZ-ın Data Elmi və Süni İntellekt üzrə magistratura proqramının koordinatoru Nahla El Zant və münsiflər heyətinin rəhbəri Asif İbrahimov qalibləri elan etdi.
Münsiflər heyətinin qərarına əsasən UFAZ tələbələrindən ibarət “Night Ops” komandası 1-ci, Bakı Ali Neft Məktəbinin tələbələrindən ibarət “Sentinels” komandası 2-ci, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrindən ibarət “Delusion” komandası isə 3-cü yerə layiq görülüb. Komandalar müvafiq olaraq 3500, 2500 və 1500 AZN dəyərində pul mükafatları və baş sponsor “Azercell”in xüsusi hədiyyələri ilə təltif olunublar.
Qeyd edək ki, ümumilikdə 15 universitetdən 96 komandanın müraciət etdiyi yarışmada 30 komanda final mərhələsinə qatılmaq imkanı əldə etdi. Onlardan 22 komanda yekunda təqdimatla çıxışı baş tutdu. 3 nəfərdən ibarət komandalar verilən mövzulardan birinə uyğun kod və proqramlaşdırma tapşırıqlarını yerinə yetirdilər. Məlumat üçün bildirək ki, iştirakçıların seçimi zamanı onların kibertəhlükəsizlik, proqramlaşdırma, mobil şəbəkə təhlükəsizliyi kimi sahələrdə bilikləri ilə yanaşı, gender balansının qorunması, yumşaq bacarıqlardan istifadə kimi bacarıqlarına da nəzər yetirilmişdi. İştirakçılara 18-19 may tarixlərində “Azercell” şirkəti və UFAZ-dan peşəkar mentorlar dəstək verib. Sonda komandalar münsiflər heyəti qarşısında öz nəticələrini təqdim ediblər.
Azercell və UFAZ-ın birgə səyləri nəticəsində ərsəyə gələn bu layihə texniki bilikləri və innovativ ideyaları ilə seçilən istedadlı gənclərin üzə çıxarılmasına, onların inkişafına öz töhfəsini verir. “Techcell” hakatonu bu tərəfdaşlıq çərçivəsində həyata keçirilən sayca üçüncü hakatondur.




