2 ay, 3 həftə əvvəl
"Times New Roman" komandası Aİ-nin "Yaşıl Gələcək" müsabiqəsinin qalibi olub!

2025-ci il yanvarın 31-də Bakıda dördüncü Avropa Gənclər Müsabiqəsi keçirilib. Avropa İttifaqının maliyyələşdirdiyi "Planetimiz üçün" kampaniyasının tərkib hissəsi olan "Yaşıl Gələcək" yarışması bərpaolunan enerji və ekoloji həllər sahəsində innovativ yanaşmaların təşviqini hədəfləyib.
Müsabiqə Azərbaycanın müxtəlif bölgələrindən olan orta məktəb şagirdləri və universitet tələbələrini bir araya gətirib. İstedadlı gənclər innovativ biznes həlləri üzərində işləmək, biznes yönümlü düşüncə tərzini inkişaf etdirmək və komanda işini təşkil etmək imkanı qazanıblar.
512 iştirakçıdan ibarət 128 komandanın yarışdığı müsabiqənin final mərhələsində dörd komanda mübarizə aparıb. Nəticədə "Times New Roman" komandası birincilik qazanıb. "Green Innovators" ikinci, "Sustainable Synergy" üçüncü, "Voyage" komandası isə dördüncü yeri tutub. "Times New Roman" komandası – Samir Cümşüdzadə, Emin Xəlifəyev, Səyyarə Həsənova və Turan Əhmədov – A.P. Moller-Maersk şirkətinin biznes strategiyası üzərində işləyərək liderliyi əldə ediblər. Sonda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko finalçılara sertifikat və müxtəlif hədiyyələr təqdim edib.
UFAZ olaraq qalib komandanı təbrik edir, yaradıcılıq uğurlarının davamlı olmasını arzulayırıq!

