6 gün, 7 saat əvvəl

UFAZ-ın məzunu Süleyman İsmayılovun elmi məqaləsi "Geosciences" jurnalında dərc olunub

647012875_1586606596333206_8195497312684455942_n pap 1

Azərbaycan-Fransız Universitetinin (UFAZ) "Geologiya və geofizika mühəndisliyi" ixtisası üzrə bakalavr məzunu Süleyman İsmayılovun elmi məqaləsi nüfuzlu "Geosciences" (MDPI) jurnalında dərc olunub. Hazırda "Anglo Asian Mining PLC" şirkətində geotexnika mühəndisi kimi fəaliyyət göstərən Süleyman İsmayılov, magistr təhsilini Polşanın Vrotslav Elm və Texnologiya Universitetində (WUST) dağ-mədən və geologiya sahəsi üzrə tamamlayıb.

Məqalə Azərbaycanın Gədəbəy rayonunda yerləşən "Gilar" yeraltı mədənində tunel bərkitmə sistemlərinin layihələndirilməsinə həsr olunub. Tədqiqat işində yeraltı qazıntıların dayanıqlığını təmin etmək üçün iki fərqli metodun müqayisəli təhlili aparılıb:

  • Empirik metod (Q-sistemi): Barton tərəfindən yaradılan və qaya kütləsinin təsnifatına əsaslanan praktik üsul.
  • Rəqəmsal modelləşdirmə (FEM): RS2 proqram təminatı vasitəsilə sonlu elementlər metodu (FEM) tətbiq edilərək gərginlik paylanması və deformasiyaların simulyasiyası.

Tədqiqat nəticəsində məlum olub ki, ənənəvi Q-sistemi sürətli seçim imkanı versə də, xüsusilə yüksək dərəcədə parçalanmış və ya aşağı möhkəmliyə malik zonalarda bərkitmə ehtiyaclarını bəzən düzgün qiymətləndirməyə bilər.

Məqalədə müəlliflər empirik təsnifat metodları ilə rəqəmsal yoxlama sistemlərinin birgə tətbiqini nəzərdə tutan hibrid yanaşmanı təklif edirlər. Bu isə yeraltı tunellərin uzunmüddətli dayanıqlığını əhəmiyyətli dərəcədə artırır. Rəqəmsal modelləşdirmə vasitəsilə qaya boltlarının (rockbolt) ara məsafəsi və püskürmə betonun (shotcrete) qalınlığı daha dəqiq hesablanaraq təhlükəsizlik göstəriciləri optimallaşdırılıb. Bu metodologiya mürəkkəb geoloji şəraitlərdə və dərin mədənlərdə qərarvermə prosesini daha etibarlı və dəqiq hala gətirir.

Süleyman İsmayılov bu genişmiqyaslı tədqiqatı "Azerbaijan International Mining Company Limited" (AIMC), Vrotslav Elm və Texnologiya Universiteti və "KGHM CUPRUM" Elmi-Tədqiqat Mərkəzinin əməkdaşlığı və dəstəyi ilə ərsəyə gətirib.

Bu uğur həm Azərbaycanın dağ-mədən sənayesində müasir mühəndislik yanaşmalarının tətbiqi, həm də yerli kadrların beynəlxalq elmi arenada təmsil olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Məqalə ilə keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.mdpi.com/2076-3263/16/1/19

647060117_1586606552999877_4203082060795225115_n pap 2