1 həftə, 1 gün əvvəl
UFAZ-ın Şahmat klubu Yeni İlə həsr olunmuş universitetlərarası şahmat turniri təşkil edib
Dekabrın 21-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) Şahmat klubu Yeni İl mövzulu universitetlərarası şahmat turniri təşkil edərək müxtəlif ali təhsil müəssisələrindən olan tələbələri dostluq və rəqabət ruhunda bir araya gətirib.
Turnirdə UFAZ, ADNSU, UNEC, Gəncə Dövlət Aqrar Universiteti və Azərbaycan Tibb Universitetinin təmsilçiləri daxil olmaqla ümumilikdə 80 iştirakçı yer alıb. Əlavə olaraq Praqa Universitetindən azərbaycanəsilli bir iştirakçı da turnirə qoşulub. İştirakçılar arasında 5 nəfər qadın şahmatçı olub.
9 tur üzrə təşkil olunan yarış canlı və dinamik mühitdə baş tutub. İştirakçılar yalnız gərgin şahmat qarşılaşmalarında mübarizə aparmaqla kifayətlənməyib, eyni zamanda müxtəlif universitetlərdən olan tələbələrlə ünsiyyət qurmaq imkanı da əldə ediblər.
Turnirin yekununda Elçin Ağayev birinci yerə layiq görülüb. Şamil Məmmədov ikinci, Tural Məmmədzadə isə üçüncü yeri tutub.
Qaliblər nailiyyətlərinə görə sertifikat, medal və UFAZ brendli hədiyyələrlə təltif olunublar. 4-cü və 5-ci yerləri tutan iştirakçılara da kiçik hədiyyələr təqdim edilib.