3 həftə, 2 gün əvvəl
UFAZ-ın Şahmat klubu universitetlərarası “Zəfər” turnirində iştirak edib
Oktyabrın 26-da Şahmat klubu Azərbaycan-Fransız Universitetini (UFAZ) “Zəfər” şahmat turnirində təmsil edib. Bu turnir Azərbaycandakı 14 universitetin istedadlı tələbələrini bir araya gətirərək gənc şahmat həvəskarlarına öz bacarıqlarını və idman ruhunu nümayiş etdirmək imkanı yaradıb. Yarış AHİİTA və “Gənclik” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
10 tələbədən – 5 qız və 5 oğlandan ibarət olan UFAZ nümayəndə heyəti iki ayrı liqada mübarizə aparıblar. Qızlardan ibarət komanda uğurla çıxış edərək 5-ci yeri tutub, oğlanların komandası isə güclü rəqiblər arasında 10-cu yeri qazanıb.
Qızlar komandasında Kamilə Rəhimova, Darya Ostroumova, Aydan Məşədibəyova, Röya Rüstəmova və Ayənur Səmədli yer alıb. Oğlanlar komandası isə Həmzə Nuruzadə, Rüstəm Kərimli, Yaqub İsmayıllı, Səid Zeynalov və Fərhad Rəhimzadə kimi bacarıqlı tələbələrdən ibarət olub. Hər iki komanda turnir boyunca yüksək komanda ruhu və əzmkarlıq nümayiş etdirib. Turnirin ən diqqətçəkən məqamlarından biri Səid Zeynalovun oğlanlar liqasında 7 raundun hər birini qalibiyyətlə başa vurması olub.
“Zəfər” şahmat turniri təkcə rəqabət mühiti deyil, həm də dostluq və bu intellektual idman növünə göstərilən böyük maraqla yadda qalıb. UFAZ-ı təmsil edən tələbələri təbrik edir, daha böyük nailliyyətlər əldə etmələrini arzulayırıq!