9 ay əvvəl
UFAZ-a qəbul imtahanı keçirilib

Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzinin (DİM) I ixtisas qrupu üzrə təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında 450–dən artıq bal toplamış 466 abituriyent UFAZ-a qəbul imtahanı üçün onlayn qeydiyyatdan keçib, onlardan 358 nəfəri imtahanda iştirak edib. UFAZ-a qəbul imtahanında iştirak etmiş abituriyentlərin orta DİM balı 563.9 təşkil edib ki, onlardan 27 nəfərinin balı 650-dən yüksəkdir.
2024/2025-ci tədris ilində UFAZ-da bakalavr səviyyəsinə 5 ixtisas üzrə ümumilikdə 190 tələbənin dövlət sifarişli əsaslarla təhsil alması nəzərdə tutulur.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov, UFAZ-ın İcraçı director əvəzi Lətifə Nəsibova və digər nümayəndələr imtahan prosesini müşahidə ediblər və abituriyentlər üçün yaradılmış şəraitlə tanış olublar. Həmçinin namizədlərin valideynlərinin rektorla görüşü baş tutub. ADNSU-nun rektor əvəzi Vazeh Əskərov bütün namizədlərə uğurlar arzulayıb və bildirib ki, UFAZ hər zaman ölkədə yüksək səviyyəli təhsili ilə seçilən ali təhsil müəssisələrindən biri olmuşdur və burada təhsil alaraq iki dövlət diplomunu əldə etmək hər bir tələbə üçün böyük imkanlar açacaqdır.
İki saat yarım davam edən imtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıblar, ingilis dilində qrammatik çalışma və esse yazıblar.
Xatırladaq ki, UFAZ-da bu ildən etibarən geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları ilə yanaşı kimya ixtisası üzrə də qəbul həyata keçirilir. Dörd illik tədris müddətinin sonunda UFAZ məzunları iki dövlət diplomu (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Strasburq Universiteti və ya Ren Universiteti) əldə edəcəklər.
Qeyd edək ki, Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan Respublikası və Fransa Respublikası prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir. 2015-ci ilin aprel ayının 25-də iki ölkə prezidenti UFAZ-ın yaranması barədə sənəd imzalayıb, mayın 22-də isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan-Fransız Universitetinin yaranması barədə Sərəncam imzalayıb.
UFAZ-da bütün ixtisaslarda bakalavriat səviyyəsi üzrə tədris ingilis dilində aparılır.







