1 həftə, 1 gün əvvəl
UFAZ-ın məzunu Əli Xudiyev doktorluq dissertasiyasını uğurla müdafiə edib
Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Əli Xudiyev “Cotutelle” proqramı çərçivəsində Strasburq Universitetində (UNISTRA) süni intellekt sahəsində doktorantura tədqiqatını uğurla müdafiə edərək elmi fəaliyyətində yeni mərhələyə qədəm qoyub. O, UFAZ-da “Kompüter elmləri” üzrə bakalavr və “Data elmi və süni intellekt” üzrə magistratura təhsili alıb. Daha sonra Fransa hökumətinin dəstəyi ilə Strasburq Universitetində (UNISTRA) doktorantura təhsilini davam etdirib.
Onun doktorluq dissertasiyası “Zəkanı miqyaslandırmaq: Hesablama baxımından məhdudiyyətsiz süni intellekt üçün rəsmi və praktik çərçivə” adlı mövzuya həsr olunub. Tədqiqatın əsas məqsədi özünü avtomatik genişləndirə bilən və zamanla davamlı öyrənməyə malik daha müstəqil süni intellekt sistemləri yaratmaqdır. Tədqiqat işi hesablama məhdudiyyətlərinə tabe olmamaq (Computationally Unbounded AI, CUAI) konseptini təqdim edir. Tezis biologiyada müşahidə olunan modulyarlıq və plastiklik prinsiplərindən ilhamlanaraq süni intellekt modellərinin dinamik və açıq mühitlərdə avtonom şəkildə genişlənməsini və optimallaşmasını təmin etməyə çalışır.
Bu çərçivədə Əli Xudiyev iki yeni metod irəli sürüb:
- Sütun genişləndirmə çərçivəsi – süni neyron şəbəkələrini (ANN) qraf əsaslı genişləndirmə yolu ilə miqyaslandırır; şəbəkədəki altqraf seçilir və orijinal şəbəkənin surəti ilə əvəz edilərək dərinlik və genişlik artırılır, beləliklə modelin avtonom böyüməsi təmin olunur. Bu metod MNIST-1D datasetində sınaqdan keçirilib.
- Tutum əsaslı adaptiv öyrənmə çərçivəsi – gücləndirmə metodu ilə seçici proqnozlaşdırmanı birləşdirir; əvvəlcə baza öyrənicilər girişləri yenidən qurmağa öyrədilir və rədd etmə seçimi əlavə olunur. Daha sonra çətin nümunələrə prioritet verən eyni modellər mərhələli şəkildə əlavə olunur. Neyroşünaslıq sahəsində araşdırılan kortikal sütunlardan ilhamlanan CAL modeli resurslardan səmərəli istifadə və adaptiv öyrənmə təmin edir, nəticədə tək modellərlə müqayisədə yenidən qurma dəqiqliyi və tapşırıq üzrə əhatə daha yüksək olur.
Əli Xudiyev müdafiəsi zamanı vurğulayıb ki, bu tədqiqat daha izah edilə bilən və özünü optimallaşdıra bilən gələcək süni intellekt modelləri üçün konseptual baza yaradır. Onun sözlərinə görə, bu sahədə hələ görüləcək çox iş var və tədqiqat fəaliyyəti gələcəkdə də davam edəcək.
Tədqiqatın nəticələri Fransa və Yaponiyada keçirilən beynəlxalq konfranslarda təqdim olunub və müvafiq beynəlxalq nəşrlərdə dərc edilib.
UFAZ kollektivi olaraq Dr. Əli Xudiyevi təbrik edir və elmi nailiyyətlərinin davamlı olmasını diləyirik.