11 ay, 1 həftə əvvəl
UFAZ-da bakalavr proqramlarına qəbul üzrə Açıq Qapı günü keçirildi

Mayın 24-də UFAZ bakalavr proqramlarına qəbul üzrə Açıq Qapı günü keçirdi. Tədbirdə Kimya üzrə yeni bakalavr proqramının təqdimatı baş tutdu. Həmçinin, UFAZ-ın digər Kompüter elmləri, Kimya mühəndisliyi, Neft və qaz mühəndisliyi və Geologiya və geofizika mühəndisliyi proqramları barəsində məlumat verildi.
Tədbiri giriş sözü ilə açan UFAZ-ın İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova müəssisənin tarixi haqqında ətraflı məlumat verdi. O, universitetin uğurlu fəaliyyətini vurğuladı, bir çox tanınmış beynəlxalq və yerli şirkətlərin UFAZ məzunlarının bilik və bacarıqlarını yüksək qiymətləndirdiyini və əməkdaşlığa cəlb etməyə maraqlı olduğunu diqqətə çatdırdı. Lətifə Nəsibova bildirdi ki, UFAZ-ı digər ali təhsil müəssisələrindən fərqləndirən əsas cəhətlərdən biri onun təhsildə təcrübəyə əsaslanması və praktiki məşğələlərə geniş yer verməsidir.
Strasburq Universitetinin prorektoru və UFAZ-ın koordinatoru Jan Mark Planeks UFAZ-da təhsil almağın qazandırdığı geniş imkanları haqqında danışdı. O, bildirdi ki, UFAZ tələbələri təhsillərini Avropada və ya Azərbaycanda magistratura səviyyəsində davam etdirməklə yanaşı, həm də sənayedə, idarəetmədə və tədqiqatda uğur qazanmağa hazırlayır.
UFAZ-ın Baş katibi Elizaveta Bidanova, UFAZ tələbələri üçün mövcud olan unikal imkanlardan bəhs etdi. O, eyni zamandan həm Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), həm də Strasburq Universitetinin tələbəsi olmağın faydalarını vurğuladı. Elizaveta Bidanova bildirdi ki, UFAZ tələbələrə iki fərqli universitetin timsalında ikilli perspektiv və geniş akademik təcrübə təklif edir.
Açıq Qapı Günü həmçinin qəbul prosedurları haqqında ətraflı təqdimatları da əhatə etdi, bu da potensial tələbələrin bütün zəruri məlumatları əldə etmələrini təmin etdi. Tədbir sual-cavab sessiyası ilə yekunlaşdı və iştirakçılara daha ətraflı məlumat əldə etmək və universitetin nümayəndələri ilə birbaşa əlaqə saxlamaq imkanı verdi.




