1 həftə, 1 gün əvvəl
UFAZ-da geodeziya və tektonik hərəkətlərə həsr olunmuş elmi seminar keçirilib
Dekabrın 12-də Azərbaycan-Fransız Universitetində (UFAZ) “QNSS məlumatlarının əhatəli təhlili əsasında Alp-Himalay zolağında yer qabığının hərəkət sürəti” mövzusunda elmi seminar keçirilib. Seminar geofizika, geologiya və təbii fəlakətlərin modelləşdirilməsi sahələrinə maraq göstərən tələbə və tədqiqatçıları bir araya gətirib.
Seminarın məruzəçisi Professor Frederik Masson Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS), Strasburq Universiteti (UNISTRA) nəzdində fəaliyyət göstərən Yer Elmləri Məktəbi və Rəsədxanası (EOST) və Yer və Ətraf Mühit İnstitutu (ITES) ilə əməkdaşlıq edir. Onun elmi fəaliyyəti materiklərin toqquşma zonaları, rift sahələri və lövhədaxili deformasiyalar, eləcə də QNSS məlumatları əsasında atmosferin monitorinqi və yeraltı strukturların müşahidəsi istiqamətlərini əhatə edir.
Seminar zamanı professor Masson Yer üzünün ən aktiv və mürəkkəb tektonik bölgələrindən biri hesab olunan Alp-Himalay qurşağı üzrə aparılan genişmiqyaslı tədqiqatın nəticələrini təqdim edib. Araşdırma çərçivəsində İberiyadan Cənub-Şərqi Asiyaya qədər uzanan ərazini əhatə edən 42 müxtəlif QNSS sürət sahəsi birləşdirilərək vahid və ardıcıl məlumat bazası formalaşdırılıb. Bu baza 11 177 üfüqi və 3 940 şaquli sürət ölçməsini özündə birləşdirir. Əldə olunan məlumatlar əsasında şərqi Aralıq dənizi regionu və Hindistan-Asiya toqquşma zonası üçün səth deformasiyalarının sürəti və qeyri-müəyyənlikləri qiymətləndirilib.
Tədqiqat nəticələri göstərir ki, qurşaq boyunca geodezik və seysmik deformasiya göstəriciləri arasında böyük uyğunluq mövcuddur. Eyni zamanda, əsas deformasiya istiqamətləri ilə seysmik anizotropiya arasında əvvəllər müşahidə olunmuş əlaqələr bir daha təsdiqlənib. Bu uyğunluqlar xüsusilə Egey hövzəsi, Şimali Anadolu, Tibet, Tyan-Şan, Altay, Sayan və Baykal bölgələrində aydın şəkildə özünü göstərir. Nəticələr mantiya axınları ilə litosferin deformasiyası arasındakı əlaqənin daha dərindən araşdırılmasının vacibliyini önə çıxarır.
Seminar iştirakçılara böyük miqyaslı tektonik proseslərin anlaşılması və seysmik risklərin qiymətləndirilməsində inteqrasiya olunmuş geodezik məlumatların əhəmiyyəti barədə dəyərli biliklər təqdim edib.