2 gün, 2 saat əvvəl
UFAZ-da psixi sağlamlıq sahəsində süni intellektin tətbiqinə dair elmi seminar keçirilib
Noyabrın 14-də Azərbaycan-Fransız Universitetində (UFAZ) “Süni intellekt əsaslı psixi sağlamlığın yenidən dəyərləndirilməsi: Formal nəzəriyyədən izah edilə bilən modelləşdirməyə” adlı elmi seminar təşkil olunub. Seminar UFAZ-ın məzunu və York Universitetində (University of York, UoY) fəlsəfə doktoru (PhD) dərəcəsini tamamlamış Dr. Yusif İbrahimov tərəfindən təqdim edilib.
Yusif İbrahimov psixi sağlamlığın qiymətləndirilməsində süni intellektin məsuliyyətli və şəffaf tətbiqi ilə bağlı tədqiqat nəticələrini iştirakçılarla bölüşüb. O, xüsusilə “qara qutu” adlanan problemə, yəni süni intellekt modellərinin qərarları necə verdiyini anlamağın çətinliyinə diqqət çəkib.
Bu çətinliyi aradan qaldırmaq üçün Dr. İbrahimov psixi sağlamlıq sahəsinə uyğunlaşdırılmış yeni nəzəri yanaşmanı və onun əsasında hazırladığı “MentalXAI” adlı innovativ modeli təqdim edib. “MentalXAI” psixi sağlamlıq üzrə bilik bazalarını modellə inteqrasiya edərək süni intellekt tərəfindən verilən qərarların daha aydın, əsaslandırılmış və sahəyə uyğun izah olunmasını təmin edir.
Seminar iştirakçıları “MentalXAI” modelinin stres, depresiya və intihar meyilliliyinin aşkarlanmasında həm dəqiqliyi, həm də izahlılığı necə artırdığını əyani şəkildə müşahidə ediblər. Modelin nəticələrinin psixoloji və psixolinqvistik biliklərlə üst-üstə düşməsi də tədqiqatın əhəmiyyətini bir daha təsdiqləyib.
Tədbirin sonunda Yusif İbrahimov iştirakçıların suallarını cavablandırıb.