6 gün, 7 saat əvvəl
UFAZ-da “Reaxys” elmi platformasından istifadə ilə bağlı görüş keçirilib
Fevralın 24-də Azərbaycan-Fransız Universitetində (UFAZ) kimya və materialşünaslıq sahələrində tədqiqat imkanlarının genişləndirilməsi məqsədilə mühüm görüş keçirilib.
Görüşdə dünyanın aparıcı elmi məlumat bazalarından biri olan “Elsevier” şirkətinin nümayəndələri – Yaxın Şərq, Mərkəzi Asiya və Cənub-Şərqi Avropa üzrə baş menecer Paul Girgis və satış direktoru Ümit Yontar iştirak ediblər. UFAZ tərəfindən müzakirələrdə tədqiqat komandasının üzvləri dosent Dünya Babanlı, Dr. Maxime Florent və Dr. Mina Bağırova təmsil olunub.
Görüş zamanı universitetin elmi fəaliyyətinə töhfə verəcək “Reaxys” platformasının mövcud istifadə vəziyyəti və gələcək perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb. UFAZ tədqiqatçılarının platformadan istifadəsi müzakirə olunub və yaxın gələcəkdə əlavə olunacaq yeni funksiya və təkmilləşdirmələr haqqında məlumat verilib.
Eyni zamanda, tələbələr arasında platformadan effektiv istifadəni təşviq etmək məqsədilə xüsusi müsabiqənin təşkili üzrə fikir mübadiləsi aparılıb. Qaliblər üçün “Elsevier” tərəfindən xüsusi mükafatların təqdim olunması nəzərdə tutulur.
“Reaxys” kimyaçılar üçün hazırlanmış yüksək texnologiyalı məlumat bazasıdır. O, milyonlarla kimyəvi reaksiya və maddə haqqında eksperimental məlumatları bir araya gətirərək tədqiqatçıların laboratoriya işlərinə ayıracağı vaxta qənaət etməsinə və daha dəqiq nəticələr əldə etməsinə şərait yaradır.
İnanırıq ki, bu əməkdaşlıq UFAZ tədqiqatçılarının və tələbələrinin elmi araşdırmaları üçün mühüm töhfələr verəcək.