2 həftə, 1 gün əvvəl
UFAZ Gələcəyin Mühəndislərinə Dəstək Məqsədilə “Yeni Nəsil Bacarıqlar” adlı Təlim Proqramına Start Verib

Azərbaycan-Fransız Universiteti (UFAZ) enerji sektorunda baş verən sürətli dəyişikliklərə uyğunlaşmaq məqsədilə 3-cü və 4-cü kurs mühəndislik tələbələri üçün “Yeni Nəsil Bacarıqlar” adlı dörd həftəlik təlim təşəbbüsünü başladıb. Proqram tanınmış sənaye mütəxəssisləri tərəfindən keçirilən mühazirə, seminar və təqdimatlarla 20 saatlıq interaktiv tədris zamanı həm texniki biliklərin, həm də vacib yumşaq bacarıqların inkişafını hədəfləyir.
UFAZ-ın Karyera Mərkəzinin təşkil etdiyi proqram aprelin 15-i UFAZ-ın binasında start götürdü. Proqramda tam iştirak edən və aktivlik göstərən tələbələrə ADNSU-nun rektoru və aparıcı sənaye tərəfdaşları tərəfindən imzalanmış sertifikat təqdim olunacaq.
Proqramın ilk hissəsi olan “Dayanıqlı Enerjinin Gələcəyi” modulu “TotalEnergies” ilə tərəfdaşlıq çərçivəsində təqdim olunur. Bu modul enerji sektorunun bərpaolunan mənbələrə keçidini, şirkətlərin qlobal dayanıqlılıq məqsədlərinə necə uyğunlaşdığını və dairəvi iqtisadiyyatın enerji sistemlərinə necə inteqrasiya olunduğunu araşdırır. Sessiyalar bərpaolunan enerji sahəsində biznesin inkişafı üzrə mütəxəssis Çingiz Orucov və sertifikatlı permakultura dizayneri Emil Həsənov tərəfindən keçirilir.
Daha sonra tələbələr Azərbaycan HR İnstitutu ilə birgə hazırlanmış “Mühəndislər üçün Yumşaq Bacarıqlar” modulunda iştirak edəcəklər. Bu bölmə liderlik, ünsiyyət və münaqişələrin həlli kimi iş yerlərində vacib olan bacarıqları əhatə edir. Sessiyalara rəhbərlik edən Turan Talıbova və Esmira İbrahimova tələbələrə şəxsi və peşəkar inkişaf üçün praktik strategiya biliklərini təqdim edəcəklər.
Proqramın digər hissəsi olan “Dayanıqlılıq və ESG-nin əsasları” modulu “Sustainera” ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. Bu təlim tələbələri ətraf mühit, sosial və idarəetmə (ESG) anlayışları, eləcə də “yaşıl innovasiya” və dayanıqlılıq tendensiyaları ilə tanış edir. Sessiyalar bu sahədə geniş təcrübəyə malik Rəhman Qədirov, Nərminə Əliyeva və Murad Hüseynov tərəfindən aparılır.
Bu təlim proqramı tələbələrin real təcrübələr qazanmasına, enerji və dayanıqlılıq sahəsində uğurlu karyera qurmasına dəstək vermək baxımından UFAZ-ın missiyasının bir hissəsi hesab olunur. Sənaye mütəxəssisləri və tərəfdaşların dəstəyi ilə həyata keçirilən “Yeni Nəsil Bacarıqlar” proqramı tələbələrin daha inamlı, bacarıqlı və gələcəyə hazır mühəndislər olmalarını hədəfləyir.





