3 həftə, 3 gün əvvəl
UFAZ-ın Tələbəsi Humayın “Qızların STEM-də Yüksəlişi” Təqaüd Proqramının Qalibi Oldu!

Azərbaycan-Fransız Universitetinin Kimya mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbəsi Nurlanə Hümbətova “Huma Quşu” Təhsilə Yardım Fondu və “Azercell”in əməkdaşlığı çərçivəsində keçirilən Humayın “Qızların STEM-də Yüksəlişi” adlı prestijli təqaüd proqramının qaliblərindən biri seçildi.
Bu təqaüd proqramı Azərbaycanda və xaricdə STEM sahəsində (elm, texnologiya, mühəndislik və riyaziyyat) təhsil alan, aztəminatlı ailələrdən olan, böyük potensial və əzmkarlığa sahib olan gənc xanımların dəstəklənməsi məqsədilə təsis olunub.
Proqrama ümumilikdə 113 ərizə təqdim edilib. Texniki şərtlərə tam cavab verən 60 namizəddən yalnız 16-sı növbəti mərhələyə – müsahibəyə dəvət edilib. Daha əvvəl cəmi 5 qalibin seçilməsi nəzərdə tutulsa da, müsahibə mərhələsində gənc xanımların göstərdiyi yüksək bilik, bacarıq və motivasiya nəticəsində Fondun İdarə Heyəti tərəfindən qaliblərin sayının 10 nəfərə çatdırılması qərara alınıb.
Bu səbəbdən “Huma Quşu” Fondu “Azercell” tərəfindən ayrılmış 12.500 AZN həcmindəki maliyyə dəstəyinə daha 12.500 AZN vəsait əlavə edərək ümumi təqaüd fondunu 25.000 AZN-ə yüksəldib. Beləliklə, hər qalibə 2.500 AZN məbləğində təqaüd təqdim olunacaq.
Bu uğurlu tələbələr arasında Nurlanə Hümbətovanın da yer alması bizi son dərəcə sevindirir və qürurlandırır. Onun elmə olan marağı, əzmkarlığı və təhsilinə verdiyi önəm bu uğurun qazanılmasında mühüm rol oynadı. Nurlanəni bu nüfuzlu təqaüdə layiq görülməsi münasibətilə təbrik edir, ona təhsil və karyera yolunda davamlı uğurlar arzulayırıq!