3 həftə, 3 gün əvvəl

UFAZ-ın tələbəsi Şamaxıda keçirilən təlim düşərgəsində uğurla iştirak edib

boodycampppp

12-13 sentyabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” mövzusunda təlim düşərgəsi təşkil edilib. Tədbir kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqini təşviq etmək, gənclərin nəzəri biliklərini praktik bacarıqlara çevirmək və aqrar sahədə startap ekosisteminin inkişafına dəstək olmaq məqsədi daşıyıb.

Azərbaycanın 17 ali təhsil müəssisəsindən 20 tələbənin qatıldığı proqram çərçivəsində aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri, akselerasiya və inkubasiya mərkəzlərinin mütəxəssisləri təqdimatlarla çıxış edərək tələbələrin layihələrinin inkişafı, kommersiyalaşdırılması və bazara çıxarılması ilə bağlı təcrübə və tövsiyələrini bölüşüblər.

Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisası üzrə tələbəsi Pərvin Salahov da düşərgədə iştirak edib. O, ilk gün Aqrar Biznes Festivalı çərçivəsində “Startap zonası”nda 1DU3 layihəsini təqdim edib. Layihə UFAZ məzunu Məryəm Babayevanın təsis etdiyi startapdır və əsas məqsədi bərpa olunan resurslardan istifadə etməklə bioloji fermentasiya vasitəsilə 1,3-Propanediol (PDO) istehsalını həyata keçirməkdir. Bu yanaşma kosmetika, bioplastiklər və digər sənaye sahələrində geniş istifadə olunan petro-kimyəvi əsaslı istehsala dayanıqlı və sərfəli alternativ təklif edir.

Proqram çərçivəsində tələbələr “Azgranata” MMC, “Şirvan Şərabları” MMC və Şamaxı Üzümçülük və Tingçilik Mərkəzinə təşkil olunan infoturda iştirak ediblər. Bu ziyarətlər üzümçülük, tingçilik və şərab istehsalı proseslərini yaxından izləmək, həmçinin süni intellekt həllərinin tətbiqi imkanlarını öyrənmək baxımından faydalı olub.

Təlim düşərgəsində iştirak edən tələbələr Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovla da görüşüblər. Nazir gənclərin startap təşəbbüslərinə yüksək qiymət verib, bu layihələrin aqrar sahənin inkişafına mühüm töhfə ola biləcəyini vurğulayıb.

20-yə yaxın tələbənin qatıldığı bu tədbirdə UFAZ-ı təmsil edən Pərvin Salahov öz startap təqdimatı ilə seçilərək həm universiteti, həm də gənclərin aqrar sahəyə artan marağını uğurla nümayiş etdirib.

boodycamp2
boodycamp3
boodycamp4
boodycamp5
boodycamp6
boodycamp7
boodycamp8
boodycamp9
boodycamp10