6 gün, 6 saat əvvəl
UFAZ-ın tələbələri Fibonacci Beynəlxalq Robot Olimpiadasında uğur qazanıblar
Martın 7-8-də Bakı İdman Sarayında keçirilən “Fibonacci Beynəlxalq Robot Olimpiadası – Sahibkarlıq Yarışları” milli seçim mərhələsində Azərbaycanın gənc texnologiya həvəskarları öz bacarıqlarını nümayiş etdiriblər. Yarışmada Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Fransız-Azərbaycan Universitetini (UFAZ) təmsil edən “Novum” komandası proqram təminatı və innovativ həllərə fokuslanan “SoftTech” kateqoriyasında iştirak edərək fəxri kürsüdə yer qazanıb.
Komandanın tərkibi UFAZ-ın “Kompüter elmləri” ixtisasında təhsil alan Teymur Ələsgərov və Famil Gülməmmədov, eləcə də ADNSU-nun tələbəsi Nicat Xancanlıdan ibarət olub. Bu birgə əməkdaşlıq müasir proqram təminatı və maşın öyrənməsi texnologiyalarının praktiki tətbiqi sahəsində tələbələrin yüksək hazırlıq səviyyəsini nümayiş etdirib.
İtaliya mərkəzli “Fibonacci Beynəlxalq Olimpiadaları” şəbəkəsinin bir hissəsi olan bu mötəbər yarışmada komanda üzvləri qarşısında mürəkkəb tələblər qoyulub. “Novum” heyəti hazırladıqları layihəni ilk mərhələdə peşəkar münsiflər heyətinə, final mərhələsində isə potensial investor və sponsorlara təqdim edərək onun həm texniki üstünlüklərini, həm də biznes potensialını əsaslandırmağı bacarıb.
UFAZ tələbələri olan Teymur Ələsgərov layihənin bütün proqram strukturuna cavabdeh olan “full-stack developer”, Famil Gülməmmədov isə süni intellekt və data analizi istiqamətinə rəhbərlik edən maşın öyrənməsi mühəndisi kimi çıxış edərək komandanın texniki gücünü təmin edib.
Milli seçim turunda qazanılan bu uğur “Novum” komandasına aprel ayında Türkiyənin Antalya şəhərində keçiriləcək Avrasiya çempionatında Azərbaycanı təmsil etmək hüququ qazandırıb. Regional mərhələdə uğurlu çıxış edəcəyi təqdirdə komanda noyabr ayında Romada baş tutacaq dünya finalına vəsiqə qazanmaq imkanına sahib olacaq.
UFAZ tələbələrini təbrik edir, yarış müddətində yeni zirvələr fəth etmələrini arzulayırıq.