19 saat əvvəl
UFAZ-ın tələbələri VISTAR proqramına qəbul olunublar
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri Azərbaycanın texnologiya və innovasiya sahəsində seçilən gənclər üçün nəzərdə tutulmuş VISTAR – Sahibkarlıq və Texnoloji İnnovasiyalar üzrə Mükəmməllik Proqramına qəbul olunublar.
Proqrama qəbul olunanlar arasında UFAZ-ın "Geologiya və geofizika mühəndisliyi" ixtisası üzrə təhsil alan Xeyransa Hüseynli, "Kompüter elmləri" ixtisası üzrə təhsil alan Əli Qasımov və "Kimya mühəndisliyi" ixtisasının tələbəsi Rüfət Cəbrayıllı da yer alır.
VISTAR ölkənin ən perspektivli texnologiya istedadlarını bir araya gətirən intensiv inkişaf proqramıdır. Çoxmərhələli seçim prosesindən uğurla keçən iştirakçılar sahibkarlıq, texnoloji innovasiya, liderlik və süni intellekt sahələrində bilik və bacarıqlarını inkişaf etdirmək, eləcə də real layihələr üzərində işləmək imkanı əldə edirlər.
Yeddi həftə davam edəcək proqram çərçivəsində iştirakçılar innovasiya və liderlik, kosmik texnologiyalar, layihələrin idarə olunması, ideyadan məhsula keçid və generativ süni intellekt kimi mövzuları əhatə edən intensiv təlimlərdə iştirak edəcəklər. Təlimlər nəzəri biliklərlə yanaşı, praktik məşğələlər, komanda layihələri və yekun təqdimat mərhələsini də əhatə edir.
Proqram iştirakçıları həmçinin Azərbaycanın gələcək texnologiya liderləri ilə geniş peşəkar şəbəkə qurmaq, beynəlxalq səviyyədə rəqabətədavamlı bacarıqlar qazanmaq və proqramı uğurla başa vurduqdan sonra fərqlənmə diplomu əldə etmək imkanı qazanırlar. Final layihəsində qalib gələn komanda üçün xüsusi mükafat da nəzərdə tutulub.
UFAZ tələbələrini bu uğur münasibətilə təbrik edir, onlara proqram çərçivəsində yeni biliklər və dəyərli təcrübələr arzulayırıq.