2 ay, 3 həftə əvvəl
UFAZ-ın tələbələri “Huawei”in İKT yarışmasının mükafatçısı oldular!

“Huawei”in Yaxın Şərq və Mərkəzi Asiya ölkələrini əhatə edən yarışmasının nəticələri açıqlanıb. UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu (IITE) ilə birgə təşkil edilən müsabiqə rəqəmsal öyrənmənin inkişafına və sənaye ilə təhsil arasında əməkdaşlığın təşviqinə yönəlib. Tədbir gənc istedadların müəyyən edilməsi və tələbələrin fəal iştirakını təmin etmək məqsədilə keçirilib.
İştirakçıların şəbəkə, bulud və hesablama texnologiyaları üzrə əldə etdikləri biliklər qiymətləndirilib. UFAZ-ın tələbələri - Anar Eyvazzadə, Tamerlan İmanov və Cavid Məhərrəmli əvvəlcə lokal səviyyədə keçirilən müsabiqədə uğur qazanıblar. Ardınca onlar regional yarışmada üçüncü pilləyə yiyələniblər.
Gənc tələbələri İKT müsabiqəsində uğur qazanmaqları münasibətilə təbrik edirik. Onların tədbir üçün ayırdıqları vaxtı, zəhməti yüksək dəyərləndirir, qətiyyətlərini təqdir edirik. UFAZ tələbələrinin gələcəkdə daha böyük nailiyyətlərə imza atmasını arzulayırıq!