1 həftə, 1 gün əvvəl
UFAZ-ın tələbələri “Smart Solutions for People” hakatonunda 3-cü yerə layiq görülüblər
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrindən ibarət komanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən təşkil olunan “Smart Solutions for People” hakatonunda uğurla çıxış edərək 3-cü yerin qalibi olub.
Dekabrın 20-21-də Sumqayıt İnnovasiya Mərkəzində keçirilən iki günlük hakaton real problemlərə innovativ və texnoloji həll yolları gətirmək məqsədilə gəncləri bir araya toplayıb. Tədbir sürətli düşünmə, komanda işi və ideyaların qısa müddətdə işlək prototipə çevrilməsi üzərində qurulub.
UFAZ-ı təmsil edən “ZeroG” komandası UFAZ-da “Geologiya və geofizika mühəndisliyi” ixtisası üzrə 3-cü kurs tələbəsi Milana Kərimova, “Data elmi və süni intellekt” üzrə magistr tələbəsi Zaman Kazımov və UNEC tələbəsi Fəxrəddin Abbasovdan ibarət olub.
Komandanın layihəsi banklarla əməkdaşlıq yolu ilə karbon qazı (CO₂) emissiyalarının azaldılmasına yönəlib. Layihə daha ekoloji məsuliyyətli maliyyə qərarlarının təşviqini hədəfləyib. Münsiflər heyəti innovativ yanaşması və sosial təsir potensialına görə proyekti yüksək qiymətləndirib.
Bu nailiyyət UFAZ tələbələrinin innovasiya, texnologiya və davamlı inkişaf sahələrindəki fəallığını və potensialını bir daha nümayiş etdirir. Fərqlənən tələbələri təbrik edir, yeni yaradıcılıq uğurları arzu edirik.