3 həftə, 2 gün əvvəl
UFAZ “Study in Europe” Təhsil Sərgisində uğurla təmsil olundu
25-26 oktyabr tarixlərində Bakıda təşkil olunan “Study in Europe” Təhsil Sərgisi çərçivəsində Azərbaycan-Fransız Universiteti (UFAZ) gənclərə ali təhsil imkanlarını təqdim edib. “Hilton Baku Hotel”də keçirilən sərgi Avropada təhsil almağa maraq göstərən yüzlərlə tələbəni, Avropa İttifaqına üzv ölkələrin rəsmiləri və universitet nümayəndələrini bir araya gətirib.
Sərginin rəsmi açılışında Avropa İttifaqının Azərbaycandakı Səfiri Mariyana Kuyundziç, Elm və Təhsil nazirinin müavini Həsən Həsənli, həmçinin bir neçə ölkənin səfirləri və diplomatik nümayəndələri iştirak ediblər.
Həsən Həsənli açılış nitqində ölkəmizdə ikili diplom proqramlarının uğurla həyata keçirildiyini vurğulayıb və bu istiqamətdə UFAZ-ın xüsusi rolunu qeyd edib. UFAZ haqqında həyata keçirilən təqdimatda isə universitetin həm bakalavr, həm də magistr səviyyəsində təhsil imkanı təqdim etdiyi və Avropanın ali təhsil təcrübəsi ilə sıx əməkdaşlıq qurduğu diqqətə çatdırılıb.
Sərgi müddətində ziyarətçilər UFAZ stendi ətrafında fəal toplaşıb, universitetin bakalavr və magistr ixtisasları, ikili diplom imkanı, beynəlxalq akademik heyəti, sənaye müəssisələri ilə əməkdaşlıq və təcrübə proqramları, tələbələr üçün nəzərdə tutulan fərdi inkişaf və dəstək mexanizmləri haqqında geniş məlumat əldə ediblər.
UFAZ-ın təmsilçiləri sərgi boyunca potensial tələbələrin suallarını cavablandırıb, qəbul prosesi, təqaüd imkanları, tələbə həyatı və gələcək karyera perspektivləri barədə də informasiya veriblər.
10 Avropa ölkəsindən 30-dan çox universitetin iştirak etdiyi sərgi tələbələrə akademik imkanları birbaşa kəşf etmək və peşəkar əlaqələr qurmaq imkanı yaradıb.