1 həftə, 1 gün əvvəl
UFAZ-ın komandası “SOCAR Hackathon 2025” müsabiqəsində birinci yerə layiq görülüb
SOCAR-ın təşkilatçılığı və “Microsoft” şirkətinin rəsmi tərəfdaşlığı ilə Bakı Ali Neft Məktəbində (BANM) keçirilən “SOCAR Hackathon 2025” müsabiqəsində Azərbaycan-Fransız Universitetinin (UFAZ) komandası böyük uğura imza ataraq birinci yerin qalibi olub.
İki gün davam edən hakaton “Süni intellekt mühəndisliyi” və “Məlumat mühəndisliyi” istiqamətləri üzrə təşkil olunub. UFAZ komandası məlumat mühəndisliyi istiqamətində yarışaraq bu kateqoriyada çıxış edən 12 komanda arasında birinci yeri qazanıb.
Ümumilikdə hakatona 63 komanda müraciət edib, onlardan 24-ü final mərhələsinə vəsiqə qazanıb. VSG komandası final mərhələsində iştirak edən yeganə UFAZ təmsilçisi olub.
“Datadan həllə” formatında təşkil edilən hakaton əsasən yuxarı axın və geologiya-geofizika ilə bağlı real sənaye problemlərini əhatə edib. İştirakçılardan natamam, zədələnmiş və fərqli mənbələrdən olan məlumatları tam funksional analitik həllə çevirmək tələb olunub. Bu proses məlumatların toplanması, standartlaşdırılması, emalı, analizi və vizuallaşdırılması mərhələlərini əhatə edib.
Əsas çətinliklərdən biri məlumatların həm də sxem, mənşə və uyğunluq baxımından qeyri-sabitliyi olub. Buna baxmayaraq, komandalar məhdud vaxt ərzində stabil və analitik istifadəyə hazır həll təqdim etməli olublar.
UFAZ komandası layihə çərçivəsində:
- köhnə formatlı seysmik məlumatların bərpası və standartlaşdırılması üçün həll hazırlayıb;
- məlumatların toplanmasından analitik səviyyəyədək məlumat emalı zəncirini qurub;
- məlumatın mənşəyi, izlənməsi və versiyalaşdırma imkanlarına malik vahid məlumat saxlanma mühiti yaradıb;
- məlumat keyfiyyətinin qiymətləndirilməsi və quyu səviyyəsində icmal üçün analitik vitrinlər və panel hazırlayıb.
Komandanın həllini rəqiblərindən fərqləndirən əsas cəhət isə DHI (Direct Hydrocarbon Indicators) əsaslı domen qatının tətbiqi olub. Bu yanaşma geoloji biliklərlə birləşdirilərək seysmik məlumatların etibarlılığını və interpretasiyasını artırmaq üçün əlavə göstərici kimi istifadə edilib.
“SOCAR Hackathon 2025” gənclərin innovativ potensialının üzə çıxarılması, real sənaye problemlərinə yaradıcı yanaşmaların təşviqi və ölkənin innovasiya ekosisteminin inkişafı baxımından mühüm platforma olub.
UFAZ komandamızı bu uğur münasibətilə təbrik edir, gələcək elmi və texnoloji fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.