8 ay, 2 həftə əvvəl
UFAZ-ın doktorantura tələbəsi Kamal Bayramovun məqaləsi Q1 reytinqli jurnalda nəşr edilib

UFAZ-ın məzunu və hazırda doktorantı olan Kamal Bayramovun digər müəlliflərlə birlikdə "Krafla vulkanından (İslandiya) tufların yığılması və keçiriciliyin inkişafı" adlı məqaləsi “Journal of Geophysical Research: Solid Earth (JGR: Solid Earth)” jurnalında nəşr edilib. Qeyd edək ki, bu jurnal geofizika və yer elmləri jurnalları arasında ən yüksək dördlükdə (Q1) yer alır.
Tədqiqat vulkanik fəaliyyət və geotermal istehsal ilə əlaqəli təzyiq və gərginlik dəyişikliklərinin vulkanik qayaların məsaməliliyini və keçiriciliyini necə dəyişə biləcəyini araşdırır. Bu da hidrotermal konveksiyaya, məsamə mayelərinin və təzyiqlərinin paylanmasına, eləcə də maqmanın qazdan təmizlənməsinin səmərəliliyinə təsir göstərir. Bu amillərin əhəmiyyətinə baxmayaraq, təzyiq və gərginlikdən asılı olaraq vulkanik qayaların məsaməliliyi və keçiriciliyi haqqında yetərincə məlumat yoxdur. Tədqiqatın əsas obyekti İslandiyanın Krafla vulkanından olan üç məsaməli tufdur.
Qeyd etmək lazımdır ki, Kamal Bayramov UFAZ-ın Geofizika və Geologiya mühəndisliyi üzrə bakalavr proqramının və Yer elmləri üzrə magistr proqramının məzunudur. O, hazırda “Cotutelle” proqramı çərçivəsində Geofizika üzrə doktorantura təhsili alır və UFAZ-ın müəllimidir.
Məlumat üçün bildirək ki, Q1 reytinqli jurnallar akademik mühitdə olduqca yüksək qiymətləndirilir, çünki onlar müvafiq sahələr üzrə ən yüksək impakt faktoru olan 25 faizə daxildirlər. Q1 reytinqli jurnallarda nəşr olunmaq tədqiqatçının işinin keyfiyyətinin və təsirinin güclü göstəricisi sayılır.
Bu mühüm tədqiqatı daha ətraflı öyrənmək istəyənlər məqalənin tam versiyasını oxuya bilərlər: https://agupubs.onlinelibrary.wiley.com/doi/10.1029/2024JB029067