Fransada yay məktəbi

Azərbaycan-Fransız Universiteti (UFAZ) Fransanın nüfuzlu ali təhsil müəssisələri olan Strasburq Universiteti (UNISTRA) və Renn Universiteti ilə əməkdaşlıq çərçivəsində hər il tələbələr üçün yay məktəbi təşkil edir.

Bu proqram yaşı 18-dən yuxarı olan və ən yüksək akademik nəticələrə sahib 2-ci və 3-cü kurs tələbələri üçün pulsuz təklif olunur. Bununla yanaşı, beynəlxalq sığorta və yemək xərcləri iştirakçılar tərəfindən ödənilir.

Müasir kampuslara malik Strasburq və Renn universitetləri Fransanın mədəni və tarixi əhəmiyyətli bölgələri olan Elzas və Bretanda yerləşir.

Yay məktəbi müddətində tələbələr elmi laboratoriyalarda çalışır, konfranslara qatılır, intensiv fransız dili dərsləri alır və Fransanın zəngin tarixi irsini araşdırmaq məqsədilə təşkil edilən mədəni tədbirlərdə iştirak edirlər. Bununla yanaşı, müəllimlərin nəzarəti altında qonşu ölkələrə səfər etmək imkanı qazanırlar.

Strasburqda olduqları müddətdə UFAZ tələbələri bu universitetlərin qədim tarixə malik olan akademik ənənələri və müasir təhsil standartlarının harmoniyası ilə tanış olurlar.