6 gün, 23 saat əvvəl

UFAZ-da Dayanıqlı İnkişafa dair Yeni Texnologiyalar üzrə Elmi Seminar Keçiriləcək

ahadov azze

Tədbir haqqında

“Dayanıqlı İnkişafa Kosmik Töhfə: Su, Yer Səthi və İqlim Dinamikalarının Öyrənilməsində SAR və Optik Məsafədən Zondlama Yanaşmaları” adlı seminara hər birinizi dəvət edirik. 13 may tarixində keçiriləcək seminar təbiət sistemlərini necə daha dərindən başa düşməyə başladığımızı, eləcə də kosmik müşahidələrin dayanıqlı inkişafa hansı formada töhfə verdiyini öyrənmək üçün fürsət yaradacaq. Təqdimatçı Bəhruz Əhədov geoməkan texnologiyaları, Sintetik Apertura Radarı (SAR) və İnterferometrik SAR (InSAR) sahəsində tanınmış mütəxəssisdir.

Bəhruz Əhədov doktorantura təhsilini Çin Elmlər Akademiyası Universitetində (UCAS) alıb, postdoktoral tədqiqatını NASA-nın “Jet Propulsion Laboratory” (JPL) mərkəzində tamamlayıb. O, Yer kürəsinin müşahidəsi və geofiziki təhlükələrin qiymətləndirilməsi sahəsində mühüm tədqiqatlara töhfə verib. Onun əsas tədqiqat istiqamətləri arasında yer səthinin çökmə monitorinqi, su ehtiyatlarının idarə olunması, iqlim dinamikası və təbii fəlakət risklərinin qiymətləndirilməsi yer alır.

Tədqiqatçı ABŞ-nin “Fulbright”, Almaniyanın DAAD və Çinin BOYA kimi bir sıra nüfuzlu beynəlxalq təqaüdlərinin qalibidir. Hazırda dünyanın aparıcı elmi-tədqiqat institutları ilə əməkdaşlıq edir və Yer elmləri, iqlimə davamlılıq və məsafədən zondlama texnologiyaları üzrə nüfuzlu elmi jurnallarda mütəmadi nəşrlərlə çıxış edir.

Kosmik texnologiyalar, dayanıqlı inkişaf və iqlim məsələlərinin kəsişdiyi bu sahədə aparıcı elmi yanaşmalarla tanış olmaq fürsətini qaçırmayın!

🗓 Tarix və vaxt: 13 may, saat 16:15
📍 Məkan: Nizami küç. 183, UFAZ, 102-ci otaq
🔗 Qeydiyyat linki: https://forms.office.com/r/FdWYBuYGEr?origin=lprLink