1 year, 2 months ago
2020-ci ildən başlayaraq UFAZ layihəsi çərçivəsində 29 tələbə Fransanın tanınmış universitetlərində doktorantura üzrə təhsil alır

Fevral ayının 14-də Azərbaycan-Fransız Universitetinin Tədqiqat Şurasının ikinci görüşü baş tutub. Şuranın üzvləri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Strasburq Universiteti (Unistra) arasındakı birgə elmi əməkdaşlığı gücləndirmək məqsədilə müzakirə aparıblar. İclasda bildirilib ki, 2020-ci ildən başlayaraq UFAZ layihəsi çərçivəsində 29 tələbə Fransanın tanınmış universitetlərində doktorantura üzrə təhsil alır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov, UFAZ-ın icraçı direktor əvəzi Lətifə Nəsibova, UFAZ-ın baş katibi Yelizaveta Bidanova, Strasburq universitetinin vitse-prezidenti Jan
Mark Plane, ADNSU-nun tədqiqat koordinatorları Babək Girimov, Qulam Babayev, Minira Ağahüseynova və Strasburq universitetinin tədqiqat koordinatorları Sesiliya Zanni-Merk, Damien Lemarşan və Kristof Serra görüşdə iştirak edib.
İclasın əsas müzakirə mövzuları birgə tezislər, əməkdaşlığın keyfiyyətinin artırılması və bir sıra inzibati məsələlər olub. Görüş zamanı təcrübi və elmi imkanlar, elmi nəticələr barəsində fikir mübadiləsi aparılıb və UFAZ-ın üç elmi istiqaməti olan kompüter elmləri, yer elmləri və kimya üzrə elmi resursların xəritələşdirilməsi qiymətləndirilib. Bundan əlavə, şura gələcək konfranslarla bağlı akademik əməkdaşlıqlar, o cümlədən “Caspisnet” ilə gözlənilən konfranslar və elmi şuranın gələcək istiqamətləri ilə bağlı da müzakirələr aparıb.
Toplantıda UFAZ, ADNSU və Strasburq Universiteti arasındakı əməkdaşlığın Azərbaycanda tədqiqatın inkişafına verdiyi töhfələr vurğulanıb. Təklif olunan magistratura proqramının təsis edilməsində məqsəd Azərbaycanda, həmçinin beynəlxalq şirkətlərdə işləyə biləcək yeni nəsil tədqiqatçılar yetişdirməkdir. Qeyd edək ki, hazırda 8 UFAZ məzunu həm ADNSU-nun, həm də Strasburq universitetinin birgə doktorantıdır. UFAZ-ın 3 əməkdaşı hazırda Strasburq universitetində doktorantura səviyyəsində təhsilini davam etdirir. Bununla yanaşı, UFAZ-ın 15 məzunu Dövlət Proqramı çərçivəsində Strasburq universitetində doktorantura üzrə təhsil almaqdadır. Həmçinin, ADNSU-nun 4 tələbəsinin elmi rəhbəri Strasburq universitetinin mütəxəssisləridir.
Tədqiqat Şurasının ikinci görüşündə UFAZ və tərəfdaşlarının faydalı əməkdaşlığının elmi inkişafa dəstək verilməsi və tədqiqat imkanlarının genişləndirilməsi baxımından zəruri əhəmiyyəti vurğulanıb.



