7 saat əvvəl
UFAZ-ın mühəndis-tədqiqatçısının təqdimatında tədqiqat seminarı keçiriləcək
Tədbir haqqında
Noyabrın 19-da Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Kamal Bayramovun təqdimatında “Vulkanik süxurlarda sıxılma lokalizasiyası” mövzusunda növbəti tədqiqat seminarı keçiriləcək. Seminarda vulkanik süxurların mexaniki xüsusiyyətləri, məsaməlilik və keçiricilik göstəricilərinin dəyişməsi, eləcə də bu proseslərin yeraltı maye axınına təsiri barədə danışılacaq.
Kamal Bayramov 2017-2021-ci illərdə UFAZ-da bakalavriat təhsili alıb, daha sonra universitetdə "Yer elmləri” üzrə magistratura pilləsini bitirib. O, Strasburqda təcrübə proqramında iştirak etdikdən sonra Strasburq Universitetində (Unistra) geofizika, süxur mexanikası ixtisaslaşması üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi qazanıb.
Onun elmi fəaliyyəti süxurların təzyiq altında mexaniki davranışının, xüsusilə məsaməlilik və keçiricilik kimi fiziki xüsusiyyətlərinin öyrənilməsinə yönəlib. Tədqiqatları neft-qaz sənayesi, geotermal enerji, CO₂-in yeraltı saxlanması və vulkanik proseslərin araşdırılması baxımından əhəmiyyət daşıyır. Kamal Bayramov nüfuzlu Q1 kateqoriyalı beynəlxalq elmi jurnallarda dərc olunmuş bir sıra elmi məqalələrin müəllifidir.
Seminarda iştirakçılar spikerə suallar ünvanlamaq və mövzu ətrafında fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər. Görüş zamanı Kamal Bayramov tərəfindən hazırlanmış xüsusi suala ən yaxşı cavab verən iştirakçı hədiyyə ilə mükafatlandırılacaq. Tədbir seminar iştirakçılarının bir-biri ilə ünsiyyət qurması, təcrübə və fikirlərini bölüşməsi üçün nəzərdə tutulan şəbəkələşmə sessiyası ilə davam edəcək.
Seminarda iştirak etmək istəyən hər kəsi qeydiyyatdan keçməyə dəvət edirik.
Tarix: 19 noyabr
Saat: 16:15
Məkan: UFAZ, 102-ci otaq
Qeydiyyat: https://forms.cloud.microsoft/r/CfWDJXN9RW?origin=lprLink