16 saat əvvəl
UFAZ-ın 20 məzunu Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil alacaq
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə qəbul nəticələri açıqlanıb. Nəticələrə əsasən, 500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Onlardan 125 nəfəri bakalavriat, 353-ü magistratura, 22-si isə doktorantura səviyyəsində təhsil alacaq.
Seçilən namizədlər arasında Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunları da var. Belə ki, Dövlət Proqramı çərçivəsində magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanan 353 nəfərdən 18-i, doktorantura səviyyəsi üzrə seçilən 22 nəfərdən isə 2-si UFAZ məzunudur.
UFAZ məzunları təhsillərini ABŞ-nin Con Hopkins Universiteti, Böyük Britaniyanın Oksford Universiteti, London İmperial Kolleci, London Universitet Kolleci (UCL), Edinburq Universiteti, Mançester Universiteti, Qlazqo Universiteti, Lids Universiteti, Vorvik Universiteti, Şeffild Universiteti və Milli Film və Televiziya Məktəbi kimi aparıcı ali təhsil müəssisələrində davam etdirəcəklər.
Məzunlar kimya, kimya mühəndisliyi, kompüter elmləri, süni intellekt və maşın öyrənməsi, data elmi, proqram təminatının hazırlanması, biomateriallar, mühəndislik geologiyası, geoenergetika, yer elmləri, nəzəri və hesablama kimyası, film, televiziya və oyun istehsalı kimi müxtəlif ixtisaslar üzrə təhsil alacaqlar.
UFAZ məzunlarını bu nailiyyət münasibətilə təbrik edir, akademik fəaliyyətlərinin növbəti dövründə onlara uğurlar arzulayırıq.