1 həftə, 3 gün əvvəl
UFAZ-ın 7 tələbəsi “Rəqəmsal Körpü” proqramının qalibi olub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və “AZCON Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal Körpü” təcrübə və təqaüd proqramının qalibləri açıqlanıb. Seçim mərhələlərini uğurla keçən tələbələr “AZCON Holding”ə daxil olan şirkət və tərəfdaş qurumlarda praktik təcrübə keçmək imkanı qazanıblar.
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisası üzrə təhsil alan 7 tələbəsi proqramın qalibləri arasında yer alıb. Onlardan İsmayıl Quliyev “AZCON Holding”də, Fəridə Şəkixanlı “AzInTelecom” MMC-də, Cavid Sadıqlı, Rəfi Məmmədov və Eldar Həsənli “Azərbaycan Hava Yolları” QSC-də, Nazim Qənizadə “Azərpoçt” MMC-də, Ülkər Zahidli isə “Azercosmos”da təcrübə keçəcək.
2026-cı ilin fevral-may aylarını əhatə edən proqram bakalavr tələbələrinin akademik biliklərini real iş mühiti ilə birləşdirməyi hədəfləyir. Təcrübə müddətində onlar sahə üzrə peşəkar mütəxəssislərlə birgə çalışacaq, mentor dəstəyi alacaq və müxtəlif inkişaf tədbirlərində iştirak edəcəklər. Həmçinin, proqram çərçivəsində tələbələrə rəqəmsal tədris platformalarına çıxış və aylıq təqaüd imkanları təqdim olunacaq.
İnanırıq ki, “Rəqəmsal Körpü” proqramının uğurla yekunlaşması UFAZ tələbələrinin əmək bazarına hazırlıq səviyyəsini yüksəldəcək. Onlara təcrübə müddətində icra olunacaq fəaliyyətlərində uğurlar arzulayırıq.