3 gün, 9 saat əvvəl
UFAZ-ın 7 Tələbəsi “Stipendium Hungaricum” Təqaüd Proqramının Qalibi Olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış 2024-2026-cı illər üçün “Stipendium Hungaricum” proqramının qalibləri açıqlanıb. 130 Azərbaycan vətəndaşı 2025-2026-cı tədris ili üzrə Macarıstanın 15 nüfuzlu universitetində təhsil almaq imkanı əldə edib.
Təqaüd proqramı çərçivəsində seçilmiş namizədlərdən 9-u bakalavriat, 106-sı magistratura, 15-i isə doktorantura səviyyəsi üzrə təhsil alacaq. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, təbiət elmləri, turizm, beynəlxalq münasibətlər, təhsil və davamlı inkişaf kimi müxtəlif ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.
Azərbaycan-Fransız Universitetində “Geologiya və geofizika mühəndisliyi” ixtisası üzrə təhsil alan Ləman Bəndiyeva, Samirə Həsənova, Zahid Qədirov, Əvəz Rüstəmov, “Kompüter elmləri” ixtisasında oxuyan Murad Qənbərli, Nicat Zeynallı və “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan Gülər Abbaslı bu nüfuzlu təqaüdə layiq görülənlər arasındadır.
Təqaüdə layiq görülən namizədlər əsasən Eötvöş Lorand Universiteti, Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, Budapeşt Korvinus Universiteti, Debretsen Universiteti, Budapeşt İqtisadiyyat və Biznes Universiteti, Obuda Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar.
Fərqlənən və akademik fəaliyyətinin növbəti mərhələsinə hazırlaşan UFAZ tələbələrini təbrik edir, uğurlar diləyirik!