5 gün, 10 saat əvvəl
Strasburq Yay Məktəbində iştirak edəcək tələbələrlə görüş keçirilib
İyunun 18-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov Fransada keçiriləcək yay məktəbində iştirak edəcək tələbələrlə görüşüb. Görüş zamanı tələbələr qarşıdan gələn proqram barədə məlumatlandırılıb və onların sualları cavablandırılıb.
Dos. Vazeh Əskərov iştirakçılara Fransadakı təhsil və elmi mühitdən maksimum faydalanmağı, yeni bilik və bacarıqlar qazanmağı, fərqli mədəniyyətlərlə yaxından tanış olmağı tövsiyə edib. İcraçı direktor həmçinin tələbələrin UFAZ-ın və Azərbaycanın layiqli təmsilçiləri kimi proqram müddətində fəallıq göstərmələrinin vacibliyini diqqətə çatdırıb və onlara uğurlar arzulayıb.
Bu il Azərbaycan-Fransız Universitetinin (UFAZ) 41 tələbəsi ənənəvi yay məktəbi proqramı çərçivəsində Fransaya yollanacaq. Proqramda təhsil müddətində yüksək akademik göstəricilər əldə etmiş 2 və 3-cü kurs tələbələri iştirak edəcəklər.
İki həftə davam edəcək yay məktəbi Fransanın Strasburq şəhərində, Strasburq Universitetinin (Unistra) müasir tələbə kampusunda təşkil olunacaq. Proqram iştirakçılarına beynəlxalq akademik mühitlə yaxından tanış olmaq, fransız dili bacarıqlarını inkişaf etdirmək və yeni təhsil təcrübələri qazanmaq imkanı yaradacaq.
Yay məktəbi çərçivəsində tələbələr üçün dil kursları, danışıq klubları və universitetin elmi tədris laboratoriyalarında praktik məşğələlər təşkil ediləcək. Bununla yanaşı, iştirakçılar Strasburqun tarixi və mədəni məkanlarını ziyarət edərək şəhərin zəngin irsi ilə tanış olacaqlar.
Bu il yay məktəbində iştirak edəcək tələbələr arasında “Kompüter elmləri” ixtisası üzrə 14, “Kimya mühəndisliyi” üzrə 10, “Geologiya və geofizika mühəndisliyi” üzrə 7, “Neft və qaz mühəndisliyi” üzrə 7, “Kimya” ixtisası üzrə isə 3 tələbə yer alır.
Qeyd edək ki, UFAZ-da hər il təşkil olunan yay məktəbi tələbələrin akademik və şəxsi inkişafını dəstəkləməklə yanaşı, onların beynəlxalq təhsil mühiti ilə tanış olmalarına və gələcək karyeraları üçün faydalı təcrübə qazanmalarına xidmət edir.