5 saat əvvəl
UFAZ-da “Spark” Tələbə-Texnologiya Günləri çərçivəsində “AI Skills” sessiyası keçirilib
Noyabrın 17-də Azərbaycan-Fransız Universitetində (UFAZ) “Spark” Tələbə-Texnologiya Günləri çərçivəsində “Bir” ekosisteminin təşkilatçılığı ilə tələbələr üçün “AI Skills” adlı maarifləndirici sessiya keçirilib.
Süni intellekt texnologiyalarının əmək bazarına və müasir iş mühitinə təsirinə həsr olunan tədbirin məqsədi tələbələrə süni intellekt alətlərindən effektiv istifadə, müasir işə qəbul prosesləri və işəgötürənlərin namizədlərdən gözləntiləri barədə praktik biliklər qazandırmaq olub.
Sessiya çərçivəsində “Bir” ekosisteminin mütəxəssisləri müxtəlif mövzularda çıxış ediblər. İnsan resursları üzrə biznes partnyoru Aytən Səfərli “Sİ dövründə ideal namizədi necə tapırıq?”, Sİ & Data elmi üzrə funksional lider Şamil Şükürov “Sİ biznesi necə dəyişir?”, Data elmi üzrə funksional lider Qismət Səlimov “Sİ: ideyadan məhsula”, Data & Sİ platformaları üzrə funksional sahə lideri Hüseyn Paşayev isə “Data, model və qaydalar: real həyatda necə işləyirlər?” mövzusunda təqdimatla çıxış edərək öz bilik və təcrübələrini tələbələrlə bölüşüblər.
İnteraktiv formatda davam edən tədbir zamanı tələbələr süni intellektin müxtəlif sahələrdə tətbiqi, onun yaratdığı yeni imkanlar və karyera perspektivləri barədə fikir mübadiləsi aparıblar. Proqram çərçivəsində maraqlı oyunlar və müzakirələr təşkil olunub. Tədbir öncəsi təşkil edilən “AI Photo Booth” isə iştirakçılara qeyri-rəsmi ünsiyyət və fərqli təcrübə imkanı yaradıb.
Sessiyanın sonunda təşkil olunan müsabiqənin qaliblərinə “Kontakt Home” hədiyyə kartları təqdim edilib. Birinci yerin qalibi 250 AZN, ikinci yerin qalibi 150 AZN, üçüncü yerin qalibi isə 100 AZN dəyərində hədiyyə kartı ilə mükafatlandırılıb.
Qeyd edək ki, “Spark” Tələbə-Texnologiya Günləri gənclərin texnologiya və innovasiya sahəsində biliklərinin artırılması, müasir trendlərlə tanışlığı və praktiki bacarıqlarının inkişafına yönəlmiş təşəbbüsdür.