2 gün, 13 saat əvvəl

UFAZ-ın məzununun növbəti elmi məqaləsi nüfuzlu Q1 indeksli jurnalda dərc olunub

659692308_1614293080231224_4043577780853045600_n rashad 1

Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Geofizika mühəndisliyi” üzrə magistratura ixtisasının məzunu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH Mərkəzində “Neft və qaz geologiyası” proqramının rəhbəri Rəşad Abbasovun həmmüəllifi olduğu növbəti elmi məqalə yüksək impakt faktorlu, Q1 reytinqli “Hydrogeology Journal” nəşrində işıq üzü görüb.

“Çoxsaylı qeyri-müəyyənlik mənbələri nəzərə alınmaqla dəniz suyunun intruziyasının modelləşdirilməsi: Küveyt şəhəri nümunəsində” adlı tədqiqat işində dəniz suyunun sahilboyu yeraltı sulara sızmasını proqnozlaşdıran modellərdə müxtəlif ehtimal olunan xəta payları təhlil edilir. Müəlliflər bu prosesə təsir edən ən kritik faktorları üzə çıxaran və qabaqcıl analiz üsulları sayəsində daha sürətli nəticə verən praktik bir metod təklif edirlər.

Bu tədqiqatın əsas yeniliyi sahilyanı ərazilərdə qurulan hidrogeoloji modellərdəki qeyri müəyyənlikləri birlikdə və sistemli şəkildə idarə etmə üsulu təqdim etməsidir. Tədqiqatçılar həssaslıq analizi metodlarından istifadə edərək yeraltı suların şoranlaşmasına təsir edən çoxsaylı amillər içərisindən ən vaciblərini seçə biliblər. Bu yanaşma ənənəvi modellərlə müqayisədə daha az vaxt və resurs tələb edir. O, nəticələri qərar verənlər üçün daha sadə, aydın və praktik şəkildə təqdim edir.

Küveyt şəhəri üzrə aparılan analizlər göstərir ki, dəniz suyunun yeraltı şirin su qatlarına sızması prosesi giriş parametrlərindəki kiçik dəyişikliklərə belə çox həssasdır. Bu isə o deməkdir ki, iqlim dəyişikliyi və suyun intensiv istifadəsi şəraitində sahil bölgələrində dayanıqlı su idarəçiliyi üçün qeyri-müəyyənlik mütləq nəzərə alınmalıdır. Məqalədə təqdim olunan yanaşma yeraltı su ehtiyatlarının keyfiyyətinin qorunması və şoranlaşmanın qarşısının alınması üçün strateji planlaşdırmada vacib elmi əsas rolunu oynayır. Keçid vasitəsilə məqalə ilə tanış ola bilərsiniz: https://link.springer.com/article/10.1007/s10040-026-03051-0

668565972_1614293060231226_6183795359297397232_n rashad 2